Jul 29, 2013

Qiymətli Kağızlar: Səhm.

Bu və digər yazılarda qiymətli kağızlar haqqında mümkün qədər ətraflı amma yığcam məlumat verməyə çalışacağam.

İngilis dilinin maliyyə dünyasında mühüm yer tutduğunu nəzərə alaraq bir çox məfhumun ingilis dilinə olan tərcüməsini verməyin vacib olduğunu hesab edirəm. Beləliklə, ingiliscə qiymətli kağıza "security" deyilir. 

Qiymətli kağızların bir neçə təsnifatı mövcuddur: istiqrazlar, səhmlər və derivativlər. Bunlardan biri olan səhmlərin təsvirini aşağıda görə bilərsiniz.


SƏHMLƏR

Şirkət öz məcmu kapitalını (yəni bütün dəyərini) səhmlərə bölə bilər. Nəticədə, səhmlər şirkətin sahibliyinin tərəflər arasında bölüşdürülməsini və satılıb-alınması prosesini asanlaşdırır. Belə ki, səhm - şirkət sahibliyinin bir parçasıdır.

Səhm sahibi həm şəxs, həm şirkət və ya təşkilat, həm də dövlət ola bilər. Aşağıdakı misala nəzər yetirin:

Məsələn, "A" şirkətinin ümumi dəyəri 10,000 ABŞ dollardır (şirkət dəyərinin hesablanması yolunu buradan öyrənə bilərsiniz). Şirkət bazara istənilən sayda səhm buraxa bilər. Fərz edək ki, şirkət bazara 1,000 səhm buraxır. Bu halda, səhmlər bazara düşən kimi hər birinin dəyəri 10 dollara bərabər olur (10,000 dollar / 1,000 səhm = 10 dollar). Şirkət bazara 10,000 səhm buraxsa idi, hər bir səhmin dəyəri 1 dollar olardı (10,000 dollar / 10,000 səhm = 1 dollar)*.

Şirkətin kapitalizasiyası - şirkətin ümumi dəyərinə deyilir (səhmlərin sayı x səhmin dəyəri = kapitalizasiya)

Bir şirkətin öz tarixində ilk dəfə bazara səhm çıxarmasına İlkin Kütləvi Təklif deyilir (ingiliscə "Initial Public Offering" və ya qısaca "IPO").


"Bazar" dedikdə səhmlərin satılıb-alınması üçün yaradılmış birjalar nəzərdə tutulur. Bu cür birjaların ən böyükləri arasında Nyu York Fond Birjası (New York Stock Exchange), London Fond Birjası (London Stock Exchange), Tokyo Fond Birjası və sairlərin adını çəkmək olar. Eyni zamanda, fiziki məkanı olmayıb yalnız onlayn mövcud olan NASDAQ Fond Birjasını da misal gətirmək olar.

Açıq satışa çıxarılmış səhmlər ilkin satıcıdan alınandan sonra bazar iştirakçılarının öz aralarında satılıb-alına bilər. Hər bir bazar iştirakçısı (şirkət, təşkilat, dövlət və s.) "A" şirkətinin səhmini aldıqda avtomatik olaraq həmin şirkətin investoruna və həmsahibinə çevrilir. Bazar iştirakçısı "A" şirkətinin nə qədər çox səhmini alırsa, həmin şirkətin bir o qədər çox payına sahib olur.



Şirkəti öz səhmlərini açıq bazara çıxarmağa nə vadar edir?

IPO edilməsinin bir neçə səbəbi var. Bunlardan ən başlıcası - əlavə maliyyənin əldə edilməsidir.
Yuxarıdakı misalda "A" şirkəti bazara səhm satmaqla birdən-birə 10,000 ABŞ dolları əldə etmiş olur. IPO-nun məqsədi də məhz maliyyə əldə etməkdir. Şirkət sonradan bu maliyyəni müxtəlif layihələrə xərcləyə bilər.

Şirkət ilkin kütləvi təklif (IPO) etdikdə səhmlərinin hamısını bazara çıxarmaq məcburiyyətində deyil. Şirkət özünün yalnız müəyyən hissəsini (məsələn 30%-ini, 49%-ini, 75%-ini və s.) bazara çıxara bilər.

İndi də təsəvvür edin ki, yuxarıda adı çəkilən "A" şirkəti öz səhmlərinin yalnız 40%-ini bazarda satmağa qərar vermişdir. Bu halda şirkət bazara ümumi dəyəri 4,000 ABŞ dollar təşkil edən səhm buraxır. Nəticədə, "A" şirkəti müxtəlif layihələrə xərcləmək üçün 4,000 dollar əldə etmiş olur, amma şirkətin 60%-i onun ilkin sahiblərinin əlində qalır.

Həqiqətən də, şirkətlər adətən 50%-dən az olan hissəsini bazara çıxarmağa qərar verir. Bu yolla şirkətin ilkin sahibləri şirkətin yarısından çox hissəsini öz əllərində saxlamış olurlar. Şirkətin əksər hissəsini əldə saxlamaq isə şirkətin qərarlarında həlledici rol oynamağa imkan verir.

IPO edilməsinin digər səbəblərə aşağıdakılar daxildir.

Maaş əvəzi səhm.
IPO keçmiş şirkət öz işçilərinə yüksək maaş və bonus ödəmək əvəzinə, maaşın bir qismini səhmlərlə əvəz edə bilər, və bu yolla onları şirkətə bağlı saxlamağa nail olur. Əlində şirkətin səhmlərini saxlayan işçilər şirkətin  həmsahiblərinə çevrildikləri üçün şirkətin dəyərinin artması naminə, bir qayda olaraq, daha çox səy göstərirlər. Bu üsul eyni zamanda kənardan yüksək səviyyəli peşəkarları da cəlb etməkdə kömək edir.

Daha asan borcalma imkanları.
Şirkət gələcəkdə istiqraz çıxarıb onun dəyərini ödəməkdənsə, onu səhmlərə çevirməyi təklif edə bilər. IPO keçmiş şirkət ictimaiyyətə daha açıq olduğu üçün risklərinin ölçülməsi daha asandır və, beləliklə, banklardan daha ucuz kredit almaq imkanı olur.

Prestij.
Bir qayda olaraq, IPO keçmiş və səhmləri açıq bazarda satılıb-alınan şirkətin prestiji daha yüksək və brendinin imici daha yaxşı tanınan olur.

Və digər səbəblər.



Açıq bazarda səhmin qiymətinin müəyyənləşməsi.

Qapalı səhmdar cəmiyyəti olan şirkətlərin (yəni səhmləri açıq bazarda satılıb-alınMAyan şirkətlərin) dəyərinin ölçülməsi barədə növbəti yazıların birində danışılacaq.

Bir şirkət IPO keçirib açıq bazara səhm çıxardımı, dəyəri daima dəyişkən olur. Şirkət bazara yalnız kiçik hissəsini buraxıbsa da belə, açıq bazardakı səhmlərin qiyməti dəyişdikcə, bütün şirkətin ümumi dəyəri həmin qiymətə görə dəyişir.

Məsələn, "A" şirkəti səhmlərinin 40%-ini bazara çıxarıb satdıqdan sonra, açıq bazardakı səhmlərin 2% bahalaşması (və ya ucuzlaşması) bütün şirkət dəyərinin 2% bahalaşmasına (və ya ucuzlaşmasına) gətirib çıxarır.

Bundan əlavə, açıq bazardakı şirkətlərin dəyəri çox sürətlə dəyişir; gün ərzində hətta 5-10%-ədək dəyişə bilər (bu cür hallar nadir olsa da). Bunun səbəbi isə ondadır ki, şirkət açıq bazara səhm buraxmaqla öz dəyərinin bazar iqtisadiyyatı qanunları ilə müəyyənləşməsinə razılıq verir.

IPO edən şirkət eyni zamanda ictimaiyyətə çoxlu hesabatlar vermək məcburiyyətində olur, çünki onun səhmdarları bu məlumatı ictimai mediadan və internetdən əldə edirlər.

Beləliklə, "A" şirkəti misalına qayıdaq:
a) Təsəvvür edin ki, IPO-dan bir neçə gün sonra məlumat yayılır ki, şirkətin prezidenti ağır xəstələnib. Hər səhmin qiyməti dərhal məsələn 3% azalaraq 9.71 ABŞ dollarına enir. Bu isə şirkətin ümumi dəyərinin 10,000 dollardan 9,709 dollara enməsinə gətirib çıxarır (10 min - 3% = 9.7 min). Çünki şirkəti idarə edən başlıca insan xəstə olduğu müddətdə şirkətin idarə edilməsi, çox güman ki, effektiv olmayacaq.
b) Dərhal sonra şirkətin hələ də xəstə olan prezidenti çıxış edir və "A" şirkətinin yeni layihəyə başlamaq niyyətində olduğu barədə məlumat verir. Bu layihənin müəyyən gəlir gətirəcəyi gözlənildiyi üçün şirkətin səhmləri bazar iştirakçıları tərəfindən kütləvi şəkildə bir-birindən alınmağa başlanır. Nəticədə, hər səhmin dəyəri məsələn 7% artaraq 10.39 dollar təşkil edir (və şirkətin ümumi dəyəri 10,388 dollara yüksəlir).
c) Bazar analitikləri həmin layihəni analizdən keçirdikdən sonra xəbər yayırlar ki, həmin layihə, çox çətin layihə olduğu üçün və "A" şirkətinin bu cür layihələrdə təcrübəsi olmadığı üçün, gözləniləndən daha çox vaxt və resurs tələb edə bilər. Nəticədə "A" şirkətinin səhmləri 2% ucuzlaşaraq 10.18 dollar təşkil etməyə başlayır (və şirkətin ümumi dəyəri 10,185 dollara enir).
d) və s.

Bunların hamısı hətta bir-iki gün ərzində baş verə bilər. Və məhz bu cür xəbərlərə olan reaksiya IPO keçirmiş şirkətlərin dəyərini dəyişkən edir.



Səhmlərin bazara buraxılması prosesi - İlkin Kütləvi Təklif (IPO).

Səhmlərin buraxılması prosesinə underraytinq deyilir (ingiliscə underwriting; bu termin tərcümə olunmur).

Şirkət və ya təşkilat özü tək başına bazara səhm buraxa bilməz. Səhm buraxmaq istəyən təşkilat investisiya bankına müraciət edir (investisiya bankçılığı yox dərəcəsində olan bazarlarda (məs. Azərbaycan) bu proses adi broker təşkilatları tərəfindən həyata keçirilə bilər).

İvestisiya bankı ilk növbətə səhm buraxmaq istəyən şirkətin dəyərini ölçür və bir səhmə düşən qiyməti müəyyən edir. Məsələ də orasındadır ki, açıq bazara satışa buraxılandan sonra səhmin qiyməti artıq bazar tərəfindən müəyyən ediləcəyi üçün səhmlərə düzgün qiymət qoymaq prosesi çox böyük analitik bacarıq və məsuliyyət tələb edir.

"A" şirkətinin misalına qayıdaq.
Təsəvvür edin ki, "A" şirkəti səhm buraxmaq üçün bir investisiya bankına müraciət edir. Bank "A" şirkətinin analizini keçirir və onun 10,000 ABŞ dolları dəyərində olduğunu müəyyən edir. 1,000 səhm buraxıldığı halda bir səhmə düşəcək qiymət 1.00 dollar təşkil edir.

İndi təsəvvür edin ki, investisiya bankı "A" şirkətinə çox az dəyər verib. Bu halda, bazara buraxılandan və tam satıldıqdan sonra "A" şirkətinin səhmləri açıq bazarda bahalaşmağa başlayacaq və həmin günün sonunda, məsələn, 1.40 dollara çatacaq. Bu o deməkdir ki, investisiya bankı düzgün hesablamalar aparmayıb və "A" şirkəti hər bir səhmini əslində 1.40 dollara satıb daha çox pul qazana bilərdi.

İndi isə təsəvvür edin ki, investisiya bankı "A" şirkətinə həddindən artıq yüksək dəyər verib. Bu halda,"A" şirkətinin bütün səhmlərini ümumiyyətlə satılmaya bilər. Amma satılsa "A" şirkəti daha çox maliyyə əldə etmiş olar, yanlış hesablamalar etmiş investisiya bankının isə reputasiyasına xələl gələr.

Bu cür riskləri nəzərə alaraq, səhmlərin bazarda satılmasının iki əsas yolu var.

Firm Commitment (hərfi tərcüməsi "sərt öhdəlik").
İnvestisiya bankı "A" şirkətinin hər bir səhminə 1.00 dollar qiymət verdikdən sonra həmin səhmləri "A" şirkətindən 0.98 dollara almağı təklif edir. "A" şirkəti buna razılaşıb bütün səhmlərini investisiya bankına satsa, investisiya bankı sonradan açıq bazara çıxıb həmin səhmləri 1.00 dollara bazar iştirakçılarına satmağa başlayır. Belə variantda "A" şirkətinin heç bir riski yoxdur amma şirkət hər səhmə yalnız 0.98 dollar əldə etmiş olur.

Bütün risk investisiya bankının üstündədir: səhmləri 0.98 dollardan yuxarı qiymətə sata bilməsə qiymətini aşağı salıb ziyana girə bilər. Eyni zamanda, investisiya bankı hər səhmi daha yuxarı qiymətə satıb daha çox mənfəət də əldə edə bilər.

Best Effort Arrangement (hərfi tərcüməsi "ən yaxşı səyin təşkili").
İnvestisiya bankı "A" şirkətinin hər bir səhminə 1.00 dollar qiymət verir. Bundan sonra "A" şirkəti açıq bazara çıxıb səhmlərini həmin qiymətə özü satmağa başlayır.

Bu halda investisiya bankı yalnız öz xidmət haqqını alır. Bütün risklər "A" şirkətinin üstündə olur: "A" şirkəti səhmlərini daha ucuza satıb az pul əldə edə bilər və ya daha bahaya satıb gözləniləndən daha çox pul əldə edə bilər.



Səhmin gəlirliliyi.

Səhm alan bazar iştirakçısı bir neçə yolla mənfəət əldə edə bilər.

Dividend şəklində mənfəət.

İldə adətən bir dəfə şirkət öz səhmdarlarına dividend ödəyib-ödəməməyi qərar verir. Qərar verildiyi halda, hər bir səhmə müəyyən məbləğ ödənilir. Ödənilən məbləğ hər dəfə fərqli ola bilər.

Daha sadə yolla dividendləri aşağıdakı kimi təsvir etmək olar.

Ərzaq dükanın sahibi olan Məmməd kişi ayda bir dəfə dükanın xəzinəsindən (kassasından) (yəni öz biznesinin dövriyyəsindən) müəyyən məbləğ götürüb özünün və ailəsinin ehtiyacları üçün xərcləyir. Xəzinədən götürülən həmin məbləğə korporativ dildə "dividend" deyilir.

Dividendi alanlar - səhmdarlardır, yəni şirkətin sahibləri. Dividendləri aldıqdan sonra səhmdarlar həmin pulları istədikləri yerə xərcləyə bilər və ya yeni səhm almaqla yenidən şirkətə yatıra bilərlər.

Səhmin bahalaşmasından alınan mənfəət (capital gain)

Təsəvvür edin ki, səhm 1.00 dollara alınıb. Müəyyən müddət sonra isə bahalaşıb və dəyəri 1.20 dollara bərabər olub. Bu halda "capital gain" 20% təşkil edir.

Amma faktiki mənfəəti yalnız səhmi həmin yüksək qiymətə satdıqdan sonra əldə etmək olur. Satılmadığı halda isə investor əlində "bahalı əşya" saxlayaraq ya dividendlərdən, ya da səhmin daha da çox bahalaşmasından gəlir əldə edəcəyini gözləyir.



Səhmlərin növləri.

Səhmlər bir neçə növdə olur:

Adi səhm (common stock).

Əlində adi səhm saxlayan şəxs şirkətin qərarlarında səsvermə yolu ilə iştirak edə bilər. Bu cür qərarlara şirkətin ümumi strategiyası, idarə heyətinin təyin edilməsi, digər şirkətlərin satın alınması və s. qərarlar aiddir.
Hər səhm bir səsvermə hüququ verir.

İmtiyazlı səhm (preferred stock).

İmtiyazlı səhmin səsvermə hüququ olmur. Lakin imtiyazlı səhm şirkətin payladığı dividendləri digərlərdən öncə almaq hüququna sahibdir.

Bundan əlavə, imtiyazlı səhm müflisləşmiş şirkətin səhmdarlarına digər səhmlərə nisbətən üstünlük verir. Belə ki, müflisləşən şirkətin aktivləri satıldıqdan sonra əldə olunmuş vəsaitdən şirkətin borclu olduğu tərəflərə ödənişlər edilir. Borclar ödənildikdən sonra qalan vəsait şirkətin səhmdarları arasında bölüşdürülür. Bu halda da, həmin vəsaitlər ilk növbətə imtiyazlı səhm sahiblərinə çatır.

Dəyişdiriləbilən imtiyazlı səhm (convertible preferred stock).

Bu səhmlər satıldıqdan sonra müəyyən vaxt keçdikdə istiqrazlara çevrilə bilən imtiyazlı səhmlərdir.


___________________________________________________________________

*Həqiqi məbləğlər misaldakılardan azı on min dəfələrlə çox olur.

Növbəti yazılarda derivativlər və digər qiymətli kağız növlərindən danışılacaq. Yazı paylaşılan kimi xəbər almanız üçün ekranın sağ hissəsində e-poçtla abunə ola bilərsiniz; yeni yazı haqqında bildiriş email-ınıza gələcək. 

Həmçinin bloqun Facebook səhifəsini"like" edib yeni paylaşımlardan bildiriş almağı seçə bilərsiniz. 

Facebook: Iqtisadi bloq


2 comments: