Aug 21, 2013

Şirkət dəyərinin hesablanması.

Şirkət alınıb-satılanda şirkətin dəyərinin ölçülməsi zəruridir. Şirkəti həm satan, həm alan şirkətin nə qiymətdə olduğunu bilməlidirlər.

IPO keçməmiş kiçik və orta ölçülü şirkətin dəyərini hesabladıqda bir çox amil nəzərə alınır. Bu yazıda məhz adi, kiçik və orta ölçülü şirkətlərin dəyərinin ölçülməsi barədə danışılacaq. 

Şirkətin dəyərini hesabladıqda nəzərə alınan amillər aşağıdakılardır.
 - Maddi aktivlər.
 - Gözlənilən gəlirlər.
 - Qeyri-maddi aktivlər
 - Digər amillər.


Bunların hər biri haqqında daha ətraflı aşağıda danışaq.


MADDİ AKTİVLƏR

Aktiv - Aktivə ingilis dilində "asset" deyilir. İstifadə edilərək dəyər yarada bilən istənilən əşya aktiv ola bilər. Məsələn, bir şirkətin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofisə ləvazimatları, və s. həmin şirkətin aktivləri sayılır.

Şirkətin dəyəri hesablandıqda, şirkətin adına olan bütün aktivlərin bazar qiyməti hesablanmalıdır. Bu halda, diqqət yetirilməlidir ki, məhz bazar qiyməti nəzərə alınsın, kitab qiyməti yox.

Kitab qiyməti - aktivlər vaxtında nə qiymətə alınıbsa, həmin qiymətə mühasibat kitablarına yazılır. Bu qiymət aktivin ədalətli dəyərini əks etdirmir, çünki vaxt keçdikcə aktivin dəyəri dəyişir.

Bazar qiyməti - aktivlər bazarda neçəyə satıla bilərsə, həmin qiymətdir. Bu qiymət aktivin ədalətli dəyəridir. Bir əşyanın bazar qiymətinin öyrənilməsinin yeganə yolu həmin əşyanı açıq bazara çıxarıb onun üçün nə qədər pul təklif edildiyinə baxmaqdır (və ya bazarda buna oxşar əşyaların qiymətinə baxmaqdır).


Gəlin bir misala baxaq.

"A" şirkəti kəllə qənd istehsalı ilə məşğuldur. Şirkətin sahib olduğu aktivlərə aşağıdakılar daxildir:

                                Aktiv                                                                 Bazar dəyəri
- İstehsal avadanlığı (qənd bişirən, qablaşdıran, və s.)                             150,000 AZN
- İki mikroavtobus (malın dükanlara daşınması üçün)                                25,000 AZN
- Sexin yerləşdiyi bina (fərz edək ki, şirkətin öz əmlakıdır)                        75,000 AZN

- Hazır məhsul (istehsal olunmuş amma hələ satılmamış)                          7,500 AZN
- Nəğd vəsait (şirkətin xəzinəsində (kassasında))                                      2,500 AZN          


                                        Cəmi maddi aktivlər                                 260,000 AZN       


Beləliklə, "A" şirkətinin maddi aktivlərinin dəyəri 260,000 AZN təşkil edir.




GÖZLƏNİLƏN MƏNFƏƏT

Şirkətin dəyəri hesablandıqda nəzərə alınmalı amillərdən biri - şirkətin gələcəkdə əldə edəcəyi gəlirdir.

Bir şirkətin gələcəkdə əldə edəcəyi gəliri ehtimal etmək çətin ola bilər. Bunu etmək üçün ilk öncə şirkətin keçmiş gəlirlərin tendensiyasına baxmaq lazımdır. Aşağıdakı misala baxın.

"A" şirkətinin son 7 il ərzində əldə etdiyi gəlir (və gəlirin artımı) aşağıdakı kimidir:

İl:                                2007         2008         2009         2010         2011         2012         2013   
Gəlir (AZN):              100,000     102,000     106,080    113,506     119,181    127,524     133,900
Artım:                           -               2%            4%            7%           5%           7%           5%


Artım dedikdə, hər il gəlirinin əvvəlki ilin gəlirinə nisbətən olan faiz artımı nəzərdə tutulur. 2008-ci il üçün 2007-ci ilə nisbətən artım 2%-dir ( (102,000 / 100,000)*100 = 2% ). 2009-cu ildə 2008-ci ilə nisbətən 4% və s.

Artım faizlərinin ortalamasını tapanda məlum olur ki, "A" şirkətinin gəliri son 7 il ərzində hər il ortalama 5% artıb:


"A" şirkətinin gələcək gəlirini də ehtimal edəndə ilk növbədə bu rəqəmdən istifadə edirik.

Yəni, 2014-cü ilin gəlirini ehtimal etmək üçün 2013-cü ilin gəlirini 5% artırırıq (riyazi dildə, 1.05 rəqəminə vururuq):


Beləliklə, 2014-cü ildə gözlənilən gəlir 140,595 AZN-dır.
Bundan sonra da hər gələcək ilin gəlirini 5% artıraraq növbəti ilin gəlirini ehtimal edə bilərik.


İndi isə, "A" şirkətinin bütün gələcək gəlirlərinin bügünkü dəyərini hesablayaq. Bu hesablamanın  yolu "Diskontlaşdırılmış Pul Axını (Discounted Cash Flow)" adlı mövzuda, "üçüncü məsələ" başlığı altında öyrədilmişdir.

Hesablama üçün bizə lazım olan rəqəmləri bir araya gətiririk:

      - Gəlir - 140,595 AZN (gələcək il üçün, yəni 2013-cü il üçün, ehtimal edilən gəlir)
      - Faiz dərəcəsi - 10%, yəni 0.1 (bank depozitlərinin faizi)
    - Artım faizi - 5%, yəni 0.05 (bu günə kimi ortalama artım 5% olduğu üçün gələcək üçün də bu rəqəmi götürürük)

Hesablama isə aşağıdakı kimidir:



Beləliklə, "A" şirkətinin gələcək gəlirlərinin bugünkü dəyəri 2,811,900 AZN təşkil edir.

*Bu misaldakı "gəlir"dən bank faizləri çıxılmayıb. Bank faizləri aşağıda ayrıca hesablanacaq.



ÖHDƏLİKLƏR

Öhdəlik kimi şirkətin öz təchizatçılarına olan borcunu və bankdan aldığı krediti misal gətirmək olar. Şirkət öz öhdəliklərini həm yaxın, həm də uzaq gələcəkdə ödəməli ola bilər.

Məsələn, "A" şirkəti öz təchizatçılarından 10,000 AZN həcmində şəkər tozu alıb amma pulunu hələ ki, ödəməyib. Bu borcu yaxın gələcəkdə (bir ay ərzində) ödəyəcək. Həmin borcu (10,000 AZN) olduğu kimi qeyd edirik.

Bundan əlavə "A" şirkətinin bankdan aldığı kredit üzrə gələcək ödənişlər aşağıdakı kimidir:


İl:                                2014         2015         2016        
Ödəniş (AZN):             50,000      50,000      50,000

Gələcək gəlirləri diskontlaşdırdığımız kimi, gələcək öhdəlikləri də eyni cür diskontlaşdırırıq.


Deməli, "A" şirkətinin:
2014-cü ildə ödəyəcəyi 50,000 manatın bugünkü dəyəri 45,455 manatdır.
2015-ci ildə ödəyəcəyi 50,000 manatın bugünkü dəyəri 41,322 manatdır.
2016-cı ildə ödəyəcəyi 50,000 manatın bugünkü dəyəri 37,566 manatdır.


Gördüyünüz kimi, ödəniş indiki tarixdən nə qədər uzaqdadırsa, bugünkü dəyəri bir o qədər azdır. Pulun zaman dəyəri məhz burada hesablanmış olur.

İndi isə bütün kreditin cəmi bugünkü dəyərini tapırıq:

45,455 + 41,322 + 37,566 = 124,343 AZN.

Bu rəqəmin üstünə də "A" şirkətinin təchizatçılarına olan qısamüddətli borcunu (10,000 AZN) gəlirik:

10,000 + 124,343 = 134,343 AZN


Beləliklə, "A" şirkətinin cəmi öhdəliklərinin bugünkü dəyəri 134,343 AZN-dır.

Qeyd edilməlidir ki, bu rəqəm öhdəlikləri ifadə edir. Yəni, şirkətin ümumi dəyərini həmin məbləğ qədər azaldır. Çünki öhdəliklər xərc deməkdir, xərc isə şirkətin dəyərinə yalnız mənfi təsir göstərə bilər.



QEYRİ-MADDİ AKTİVLƏR

Qeyri-maddi aktivə ingilis dilində "intangible asset" deyilir.

Qeyri-maddi aktivlərə - adından da bilindiyi kimi - maddi olmayan, əllə toxunula bilməyən amillər daxildir. Bunlara patent, brend və ya ticarət nişanı, müəllif hüququ, biznes metodologiyası və digərləri aid edilir.

Qeyri-maddi aktivlər (xüsusilə də tanınan brend) daha çox böyük, uzun illər boyunca fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətli dəyər daşıyır. Məsələn, dünyada hamı birdən-birə "Coca Cola"-nın ticarət nişanını unutsa (yəni "Coca Cola"-nı görəndə heç tanımasa), bu şirkət satışlarının çox böyük əksəriyyətini itirər. Çünki "Coca Cola"-nın dünyada alınmasının əsas səbəbi onun brendinin tanınmasıdır. Amma "brendin tanınması"-na əllə toxunmaq mümkün deyil, bu qeyri-maddi aktivdir.

Qeyri-maddi aktivin dəyərləndirilməsinin ən asan yolu aşağıdakı kimidir:
- Şirkətin bütün maddi dəyərini ölçmək (yuxarıda göstərilən yolla).
- Şirkəti açıq bazara çıxardıb ona nə qədər dəyər verildiyini görmək (maddi dəyərindən az pul təkliflərini rədd etmək şərtilə, çünki şirkət özünün bütün maddi aktivlərindən ucuz ola bilməz).
- Bazar dəyərindən maddi aktivlərin dəyərini çıxmaq. Alınan fərq - şirkətin qeyri-maddi aktivlərinin dəyəridir.

Qeyri-maddi aktivlərin hesablanmasının daha mürəkkəb yolları da var. Bu haqda gələcək yazıların birində danışıla bilər (yazılar paylaşılan kimi xəbər almanız üçün ekranın sağında "e-poçtla abunə ol" yerinə email-ınız daxil edə və ya bloqun Facebook səhifəsini "like" edə bilərsiniz).

Bircə bunu qeyd etmək lazımdır ki, bir çox orta və kiçik şirkət - qeyri-maddi aktivlərin dəyəri çox az olduğuna görə - bu aktivləri heç nəzərə almır. 



DİGƏR AMİLLƏR

Şirkətin dəyərinin hesablanmasında bir çox digər amil yer ala bilər. Bu amillər adətən gələcək gəlirlər hesablanarkən nəzərə alınır.

Məsələn, rəqabətin güclənməsi, vergilərin artması və digər risklər - bunların heç biri "A" şirkətindən asılı deyil amma bunların hamısı gələcək mənfəətin azalmasına təsir edə bilər.

Eyni zamanda, gələcək imkanları da nəzərə almaq olar. Məsələn, vergilərin azalması, xammalın ucuzlaşması, yeni və ucuz istehsal texnologiyalarının peyda olması, əhəmiyyətli müştəri ilə (məsələn, supermarket şəbəkəsi ilə) uzunmüddətli müqavilənin bağlanması və s. Bütün bu amilləri nəzərə alaraq gələcək mənfəəti müvafiq olaraq dəyişmək lazımdır.

Bu yazıda hər şeyin anlaşılan olaraq qalması üçün çox dərinliyə girilməyib.



YEKUN

Nəhayət, gəlin "A" şirkətinin toplam dəyərinə baxaq.

Maddi aktivlər:                                                          260,000 AZN
Gözlənilən gəlirlərin bugünkü dəyəri:                        2,811,900 AZN
Öhdəliklərin bugünkü dəyəri:                                     -134,343 AZN
                                                                            *öhdəlik xərcdir, buna görə mənfi işarəsi ilə yazırıq.
Qeyri-maddi aktivlər:                                             Nəzərə alınmayıb.
Digər amillər (risklər/imkanlar):                                 Nəzərə alınmayıb.


260,000 + 2,811,900 - 134,343 = 2,937,557 AZN

Beləliklə, "A" şirkətinin hazırkı ümumi dəyəri 2,937,557 AZN-dır. 

"A" şirkətinin sahibi öz şirkətini satdıqda bu məbləğin ətrafında qiymət qoymalıdır (artıq məbləğə də sata bilər, bacarana can qurban). Şirkəti alan isə, bu məbləğin ədalətli olduğunu bilməlidir.



___________________________________________________________________

Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


1 comment:

  1. Bir qanuni kredit kreditorun axtarır olunubmu? ? Siz ciddi öz iş başlamaq üçün təcili kredit lazımdır? Siz borc var? Bu istəklərinə nail olmaq üçün şansdır və biz e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın Daha ətraflı məlumat üçün fərdi kreditlər, kommersiya kreditləri və korporativ kreditlər və ləğv 2% kredit bütün növ vermək beverlyloan.institute@gmail.com ya beverlyfinance084@gmail.com

    ReplyDelete