Jun 17, 2013

Banklar nəyə lazımdır?


Bankların iqtisadiyyatda rolu və yaranma səbəbi.

Bank - bir maliyyə təşkilatıdır. Bankın əsas funksiyası - maliyyə vasitəçiliyidir. Vasitəçilik isə bundan ibarətdir:

İnsan cəmiyyətində daima əlavə pula ehtiyacı olan insanlar var. Eyni zamanda ehtiyac duyduğundan artıq pulu olan insanlar da olur. Bank - hər iki tipdən olan insanları bir araya gətirərək maliyyə vasitəçi kimi rol oynayır. Yəni artıq pulu olanlardan həmin pulu depozit şəklində qəbul edir, pula ehtiyacı olanlara isə həmin pulu kredit şəklində verir. Depozit yatıranlardan müəyyən faizlə pul qəbul edərək daha yüksək faizlə həmin pulu kredit kimi verir. Aradakı fərqi isə, vasitəçi olduğuna görə , özünə götürür. 

Bank - yalnız insanlar üçün deyil, həmçinin şirkətlər və hətta digər banklar üçün də maliyyə vasitəçiliyi edir.

Faiz nədir.

Hər bir əşyanın öz dəyəri olduğu kimi, pulun da dəyəri vardır. Məsələn, bir insan/şirkət digər insandan/şirkətdən müəyyən daşınmaz əmlakı icarəyə aldıqda əvəzində icarə haqqı ödəməli olur. İcarə haqqı ödənməsə, digər tərəf üçün həmin əmlakı icarəyə verməyə heç bir stimul olmaz. 

Faiz isə pulun icarə haqqıdır.

Pul bir əşya olmadığı üçün və məbləği/dəyəri özündən başqa heç nə ilə ölçülmədiyi üçün - onun dəyərinin yeganə ölçü vahidi faizdir. İnsanlıq bu günə qədər, faizdən başqa, pulun digər dəyər ölçüsünü tapmayıb.

Bank artıq pulu olan insanları özünə cəlb etmək üçün (yəni depozit almaq üçün) onlara pulun icarə haqqını (faizini) ödəyir. Eyni zamanda pula ehtiyac olan insanlar da bankdan aldıqları pulun icarə haqqını (faizini) ödəyirlər.

Pulun əvəzində faiz olmasa insanları artıq pullarını borca verməyə (depozitlərə və digər maliyyə alətlərinə pullarını yatırmağa) vadar edən heç nə olmaz. Nəticədə, müvəqqəti olaraq pula ehtiyacı olan insanlar/şirkətlər/təşkilatlar əlavə pul əldə edə bilməyib öz işlərini həyata keçirməy ya heç qadir olmaz, ya da bunun üçün daha çox vaxt sərf edərlər. 

Yüzillər boyunca sınaqlardan keçmiş təcrübədən məlumdur ki, bank sisteminin düzgün fəaliyyəti iqtisadiyyatın artımına olduqca kömək edir. İqtisadiyyatın artımı isə əlavə dəyər, daha yüksək həyat səviyyəsi və daha çox inkişaf imkanları deməkdir.


Bankların növləri.

Bankların üç növü mövcuddur.

Kommersiya bankları


Azərbaycanda ən çox yayılmış bank növü - bizim bildiyimiz depozitləri qəbul edən və kredit verən banklara kommersiya bankları deyilir.

Başa düşdüyünüz kimi, depozit almaq və kredit vermək - kommersiya bankçılığının əsas funksiyasıdır. Kommersiya bankı adlanmaq üçün bir təşkilatın təkcə depozit almaq və kredit vermək hüququna malik olması kifayətdir. Lakin banklar yarandığı vaxtdan bu günə təkamül edərək bir çox digər yan xidmətləri də təklif etməyə başlamışdır. Bu yan xidmətlərə cari hesabların açılması, pul köçürmələri, valyuta mübadiləsi və s. kimi xidmətlər daxildir. 

İnvestisiya bankları

İnvestisiya bankları şirkətlərə, təşkilatlara və hətta dövlətlərə bazara qiymətli kağız (istiqraz, səhm və s.) çıxardaraq pul əldə etməkdə köməklik göstərir. 

Məsələn:
Bir şirkət, pula ehtiyacı varsa, bankdan kredit götürməkdən savayı digər yollara əl ata bilər. Bu məqsədlə şirkət, məsələn, maliyyə bazarına istiqraz çıxara bilər. Buna alternativ olaraq, şirkət maliyyə bazarına həmçinin səhm çıxardıb özünün bir hissəsini sataraq pul əldə edə bilər. 
Hər iki halda şirkət bütün işi investisiya bankına həvalə edir. İnvestisiya bankı şirkətin qiymətləndirməsini həyata keçirir, bütün administrativ işləri görür və qiymətli kağızların maliyyə bazarında satılmasında köməklik göstərir. 

İnvestisiya bankların digər əsas funksiyası isə bir şirkətə digər şirkəti satın almağı üçün lazım olan bütün işlərin görülməsidir.

İnvestisiya bankları depozit qəbul etmirlər və kredit vermirlər.

İnvestisiya bankları da tarix boyunca bir çox yan xidmət təklif etməyə başlamışdır. Bunlara pulların yatırılması üzrə konsultasiya xidmətləri, bilavasitə maliyyə fondların və özəl hesabların idarə edilməsi və s. xidmətlər daxildir.

Maliyyə fondları və s. haqqında başqa yazılarda danışılacaq. Xəbər almanız üçün ekranın sağında "e-poçtla abunə ol" yerinə email-ınızı daxil edin.

Mərkəzi banklar

Bir ölkənin yalnız bir mərkəzi bankı olur. ABŞ-dakı mərkəzi bank Federal Rezerv adlanır, Almaniyanın mərkəzi bankı Bundesbank və s.

Mərkəzi bankın əsas funksiyası - ölkə iqtisadiyyatındakı faiz dərəcələrinin tənzimlənməsi, bank əmanətçilərinin maraqlarının qorunması, bankların dürüst fəaliyyət göstərməsi, ölkədəki inflyasiyanın sabit saxlanmasıdır.


Əlavə qeydlər. 

Yaxın sahə olduğu üçün bir çox bank həmçinin özünün sığorta şirkətini yaradaraq sığorta xidmətlərini də təklif edir. Amma sığorta biznesi bankın yan xidməti deyil, ayrı bir biznesdir və, öz-özlüyündə, bankçılığa birbaşa aidiyyatı yoxdur.

Eyni zamanda qeyri-bank kredit təşkilatları da mövcuddur ki, yalnız kredit verə bilirlər və bunların depozit qəbul etmək hüququ yoxdur. Bunlar yalnız özəl səhmdarların kapitalından istifadə edərək kreditlər verə bilirlər. Həmçinin, banklardan fərqli olaraq, bunların yan xidmətləri də olmur.


İslam bankçılığı.

İslamda faizin haram sayıldığı üçün islam bankları adlanan maliyyə təşkilatları ortaya çıxmışdır. Bunların ənənəvi kommersiya banklarından fərqli cəhətləri bunlardır:

İstehlak və ipoteka kreditləri

Müştəri adi kommersiya bankının verdiyi məsələn 100,000 dollarlıq krediti müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə qaytarır. Məbləği  tam qaytardıqdan sonra 100,000 dollar əsas məbləğ və, məsələn, əlavə 10,000 dollar faiz ödəmiş olur. 

İslam bankı isə müştərinin almaq istədiyi 100,000 dollarlıq bir malı/daşınmaz əmlakı özü alaraq müşətəriyə yenidən 110,000 dollara satır. Müştəri həmin məbləği müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə qaytarır (yəni bu yerə qədər heç bir fərq yoxdur). Nəticədə sadəcə olaraq "faiz" kəliməsindən qaçınmış olur.

Yeganə fərq ondan ibarətdir ki, kommersiya bankına olan kredit ödənişi gecikdiriləndə, əlavə cərimə faizləri hesablanır, halbuki islam bankı bu gecikmələri bağışlayır.

Biznes kreditləri

İslam bankı ilə kommersiya bankı arasındakı mühüm fərq məhz biznes kreditlərindədir.

Ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləğ və faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır.

İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur.

Müştəri üçün islam bankının biznes kreditlərindəki üstünlük ondan ibarətdir ki, biznes uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, islam bankı geriyə heç nə tələb etməyəcək (halbuki kommersiya bankı öz pulunu geriyə almaqdan ötrü əlindən gələni edəcək).

Müştəri üçün islam bankının biznes kreditlərindəki xoşa gəlməz hal ondan ibarətdir ki, müştərinin biznesi gözləniləndən daha çox gəlir gətirsə, müştəri islam bankına daha böyük məbləğ ödəməli olacaq.

Depozitlər

Müştəri kommersiya bankına depozit yatırarkən ona vəd edilmiş faiz dərəcəsi ilə sabit ödənişlər alacağından əmin ola bilər.

İslam bankına isə depozit yatırarkən müştəri bankın şəriki qismində çıxış etməyə başlayır. Bu proses ortaq fonda edilən yatırıma bənzəyir. Müştəri bankın gəlir və itkilərini bölüşməyə başlayır. Odur ki, bankın gəlirləri yüksək olduqda müştəri də öz depozitinə yüksək gəlir əldə edir. Əksinə, bank mənfəət əldə etmədikdə müştəri də öz depozitinə heç nə əldə etmir. Bank itki ilə üzləşdiyi halda isə fərqli islam banklarının fərqli davranışları mövcuddur (bəzi hallarda depozitin ölçüsü azala da bilər). 

Kommersiya bankındakı depozitin üstünlüyü ondan ibarətdir ki, əvvəlcədən bilinən faiz dərəcəsi əsasında gələcək gəlirləri asanlıqla planlamaq mümkündür. İslam bankına yatırılan depozitlə isə gələcək gəlirləri planlamaq mümkün deyil.


___________________________________________________________________

Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, və ya bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq

No comments:

Post a Comment