May 12, 2019

Son paylaşım: Zənginliyə aparan 5 addım.

Çox erkən vaxtlarımda başa düşmüşəm ki, kifayət  
qədər uzun həyat yaşasam, varlı olacağam.
Uorren Baffett (Warren Buffett)

Hər vaxtınız xeyir. Son beş il ərzində etdiyim ilk paylaşımdır. Eyni zamanda, çox güman ki, bu bloqda paylaşacağım son yazıdır.

2014-cü ilin payızında MBA dərəcəsi üzrə təhsil almaq üçün ABŞ-a köçmüşəm. Təhsil aldıqdan sonra isə karyeramı ABŞ-da davam etməyə başlamışam. Təhsilə başladığım zaman bu bloqa daha vaxt ayırmayacağıma və fikrimi digər, mənim üçün olduqca daha üstün olan prioritetlərdə cəmləşdirəcəyimə qərar vermişdim. Fikrimdən də vaz keçməmişəm.

Bloqun qaralamalarında fikirlərimi qeyd etdiyim amma yazı olaraq bitirmədiyim 15-ə yaxın mövzunun arasında "Qiymətin formalaşması", "Hansı hallarda kredit götürməyə dəyər", "Şirkətin maliyyə analizi", "İnflyasiya nədir", "Biznes krediti verildikdə nələrə baxılır", "Şirkət növləri", "İnvestisiya fondları" kimi mövzular var. Amma sonuncu yazının tamamilə başqa bir mövzuda olmasını istəyirəm.

-------------------------------------------------------------


Bu yazı zənginliyə aparan 5 addımdan bəhs edəcək. "Zənginliyin" sizin üçün nə mənaya gəldiyini hərəniz ayrılıqda özünuz üçün müəyyənləşdirə bilərsiniz amma mən məhz maliyyə baxımından zəngin olmağın yolundan danışıram. 

Mən sizə birdən birə zəngin olmağın yolunu öyrədə bilmərəm. Çünki qısa bir zamanda zəngin olmağın effektiv, hamı üçün yarayan və həmışə alınan universal bir üsulun mövcud olduğuna inanmıram.   

Bu yazı uzun müddət ərzində tədricən sərvət cəmləşdirib özünü bir gün "varlı" adlandıra bilməyin yolu haqqında bəhs edir. 

Yol altı addımdan və ya qaydadan ibarətdir amma o qaydalardan əlavə iki şərtin baş tutması vacibdir. Şərtlər bunlardır:
1)  Növbəti 15-25 il ərzində dünyanızı dəyişməyəcəksiniz (zarafat etmirəm).
2) Həyatınızda sizdən asılı olmayan və böyük maliyyə çətinliklərinə səbəb olacaq bir faciə baş verməyəcək.

Bu iki şərtin heç biri sizdən asılı deyil və bəxtdən asılıdır. Amma bu şərtlərdən heç biri sizi yoldan çəkindirməsə və beş qaydanın beşinə də riayət etsəniz sizə bir müddət sonra maliyyə baxımından rahat həyat yaşaya biləcəyinizin təminatını verirəm. 

Qaydalar isə çox sadə bir prinsip üzərində qurulub. Qazandığınızdan daha az xərcləyin. Qənaət etdiyiniz məbləği aşağı riski olan və sabit gəlir gətirən bir şeyə yatırın. İllik 5-6% gəlir qazansanız, kifayətdir. Həmin yatırımdan qazandığınız gəliri yenidən işə yatırın. Bu prosesi illər boyunca davam edin - ta yatırımlardan qazandığınız gəlirin sizin bütün xərclərinizi qarşılayacağına qədər. Ondan sonra da yatırım etməyə davam edin - qazancınız sizə istədiyiniz həyat tərzi sürməyə imkan verənə qədər. 

Yatırımlardan əldə edəcəyiniz gəlirə ''passiv gəlir'' (passive income) deyilir - çünki həmin gəlir sizin fəal iştirakınız olmadan sizin cibinizə axan gəlirdir. Aşağıdakı ''qaydalar'' isə yuxarıda təsvir etdiyimin xırdalamasıdır.


I Qayda: Xərclərinizi yazın.

Xərcləri azaltmağın yolunda ata biləcəyiniz ən birinci və ən vacib addım - xərclərinizi qeydə almaqdır. 

Hər gün, hər bir xırda xərci yazmağa başlayın. Xərclərinizi fərqli maddələr üzrə ayırd edin (yemək, paltar, kommunal xərcləri, restoran/kafe və s.). Bir ay boyunca bu işə sadiq qalın. Ayın axırında hər maddə üzrə xərclədiyiniz pulun miqdarına baxanda təəccüblənəcəksiniz. Heç də vacib bilmədiyiniz məqsədlərə nə qədər pul xərclədiyinizi görəcəksiniz.

Xərclərin izlənməsi üçün çoxsaylı Android və Apple tətdbiqləri (app-ları) mövcuddur - onlardan yararlanın. 

Xərclərinizi yazmağın ən asan yolu budur:
Hər bir xırda xərciniz olan an o xərci telefonunuzdakı app-a qeyd edin. App-lardan istifadə etmək istəmirsinizsə, telefonunuzun bir yerində kiçik bir qeyd aparın. Günün axırında isə evə gəldikdə, həmin xərcləri bir yerə yazın. Bir yer dedikdə, Excel faylı olsa yaxşı olar.

Excel-dən istifadə edirsinizsə, sizin üçün hazır və sadə Excel formasını hazırlayıb aşağıdakı keçidə yükləmişəm. Xərclərinizi qeydə almaq asan olsun deyə aşağıdakı keçiddən həmin Excel faylını yükləyib istifadə edə bilərsiniz. Fayl çox sadədir və onu istədiyiniz kimi dəyişə və özünüzə uyğunlaşdıra bilərsiniz. 


Keçidə tıqladıqdan sonra açılan səhifədə "slow donwload" düyməsinə basın, sözügedən Excel faylı yüklənəcək. 

Yükləyəcəyiniz Excel faylında iyul ayı üçün hazır forma var. Ay boyunca hər kateqoriya üzrə xərclərinizi yazın. Ayın sonunda faylın son sütununda hər kateqoriyaya nə qədər pul xərclədiyinizi görə biləcəksiniz və hansı xərcləri azaltmağın mümkün olduğunu qərar vermək daha asan olacaq. Bundan əlavə, "Xərclərin bölgüsü" səhifəsində xərclərinizin bölgüsünü də görə bilərsiniz.


II Qayda: Borc, kredit və kredit kartlarından uzaq durun.

Albalı və Bolkart kimi kartlardan istifadə etməyin. Bu kartlarla əşya almanız gələcək gəlirinizi bu gün xərcləməyiniz mənasına gəlir. Uzaq durmağın bir səbəbi var: Bolkart və ya Albalı kartına aldığınız televizor və ya geyim sizə əlavə gəlir qazandırMAyacaq. Bu gün həmin paltarı almağa kifayət qədər pulunuzun olmadığına görə kredit kartından istifadə edirsinizsə, demək həmin borcu gələcək ayın gəlirindən ödəməli olacaqsınız və gələcək ay özünüzə daha da az pul qalacaq. Bundan əlavə, hələ bir faiz də ödəməli olacaqsınız.

Aşağıdakı qızıl qaydanı yadda saxlayın:

Kreditə pul götürmək ancaq o halda sərf edir ki, həmin pula əldə edəcəyiniz gəlir ödəyəcəyiniz faizdən daha yüksəkdir.

Məsələn, bir biznesə pul yatırmaq istəyirsiniz amma pulunuz yoxdur. Həmin biznes yatırdığınız pulun sizə 30% gəlir gətirəcək. Başqa sözlə, 1,000 manat pul qoyursunuzsa, 1,300 manat gəlir əldə edəcəksiniz. Bankdan alacağınız kreditə isə yalnız 10% ödəməli olacaqsınız (faiz, komissiya, və digər xərcləri nəzərə almaqla). Bax bu halda bankdan 10%-dən kredit götürüb həmin pulu sizə 30% qazandıran işə yatırmağa həqiqətən dəyər (işin riskini MÜTLƏQ nəzərə alaraq). Qazandığınız 30%-dən 10%-i bankın faizini və digər xərcləri ödəməyə, qalan 20%-i isə sizin cibinizə gedəcək. İş nə qədər risklidirsə, özünüzə qalacaq faiz bir o qədər artıq olmalıdır. Yəni qəpik-quruş üçün riskli işə girişib böyük kredit götürməyin.

Bankdan 10%-ə kredit götürüb televizor almağınız isə sizə əlavə xərcdən başqa heç nə verməyəcək.

Albalı və Bolkart kimi təkliflər maliyyə baxımdan sizin yalnız itkinizə gətirib çıxaracaq. Bu kartların adını başqa cür qələmə verə bilərlər amma faktiki olaraq bunlar kredit kartlarıdır.


III Qayda: Hər ay gəlirinizin 1/10 hissəsindən az olmayaraq bir qismini kənara qoyun.

Çox primitiv məsləhətdir, deyilmi? Primitivdir, razıyam. Amma primitiv olduğuna baxmayaraq effekti təsəvvür etmədiyiniz qədər dəyərlidir.

Bir vedrəyə hər gün 10 stəkan su töküb yalnız 9 stəkan su boşaltsanız bir müddət sonra vedrə daşacaq. Bankda maaş hesabınızdan əlavə başqa cari hesab açıb hər ay maaşınızın 1/10 hissəsini ora qoysanız on ay sonra bir aylıq maaşınız yığılacaq.

"Maaşım o qədər azdır ki, lap on aylıq maaş da mənə bir fərq eləməyəcək" fikri sizi bunu etməkdən daşındırırsa, 10 aylıq müddəti ağlınızdan çıxarın və gələcək həyat illərinizi düşünün. Yaşınız 25-ə qədərdirsə, gələcəkdə çox güman ki, ən azı 40-55 illik həyatınız var (təki daha çox olsun, bədbin ssenarini nəzərə alıram). On illər boyunca bu qaydaya əməl etmənin nəticəsi gözlədiyinizdən daha təsiredicidi olacaq.

"Mənim gəlirim ancaq xərclərimi ödəməyə bəs eləyir, artıq pulum heç qalmır" deyirsinizsə, sizə cavabım aşağıdakı parçadır.

"Babilin Ən Varlı Adamı" ("The Richest Many In Babylon") adlı kitabdan bir misal gətirmək istəyirəm. Kitabın qəhrəmanlarından biri pul haqqında dərs keçmək üçün onlarla insanı bir otağa yığır və onlara bir sual verir.

- Qazandığınız pul sizə bəs edirmi?

Hamı "yox" deyə cavab verir. "Bütün qazancımız yalnız xərcləri ödəməyə kifayət edir" deyə davam edirlər. Bu halda, baş qəhrəman başqa sual verir.

- Hamınızın qazancı eynidirmi? 

Otaqdakı hər kəs fərqli məbləğdə pul qazandığını deyir. Qəhrəmanımız da cavab verir ki,

- Hamı fərqli məbləğdə pul qazandığına baxmayaraq necə olur ki, ayın axırında hamının cibi eyni dərəcədə boş olur? Demək gəliriniz artdıqca, xərclərinizi də artırırsınız. Demək gəliriniz artdıqca, sizə lazım olmayan şeylərə pul xərcləməyə başlayırsınız. Demək "istək" və "ehtiyac" arasındakı fərqi görə bilmirsiniz. Odur ki, yalnız ehtiyaclarınıza pul xərcləyib istəklərinizdə qənaət etməklə hər ay artıq qalan pulunuzu qırağa qoya bilərsiniz.

Hamımız eyni qədər yeməyə və paltara ehtiyacımız var. Bizim imkanlarımız daha çox şeyə bəs etdikcə daha çox şeyə pul xərcləmək istəyirik. Odur ki, məcburi xərclərlə istəklərinizi səhv salmayın.

Amma lap 100 il yaşasanız belə, sadəcə qırağa pul qoymaqla zəngin olmayacaqsınız. Bu qayda zəngin olmağın qaydalarından yalnız biridir. Növbəti qaydaları da oxuyun.


IV Qayda: Kənarda yığılmış məbləği nəyəsə yatırıb əlavə gəlir əldə etməyə başlayın.

Yığılmış məbləğ işsiz, boş oturanda servanta qoyulub toz yığan qab-qacaq qədər faydasız olur. Həmin pulu mütləq yeni gəlir əldə edəcək bir işə yatırmaq lazımdır. Yatırım dedikdə adi bank depoziti də ola bilər.

Bazarda mal alqı-satqısı ilə məşğul olan bir tanışınız varsa, pulu onun dövriyyəsinə buraxın və müəyyən müddətin axırında alacağınız gəlir payını əvvəlcədən danışın. Müqavilə bağlayın, sövdələşməni sözdə etməyin. Bağladığınız müqaviləni rəsmi surətdə notariusda təsdiqlətdirin - əks halda həm pulunuzu, həm tanışınızı itirəcəksiniz. Sizin şərtləriniz bankdan alacağı kredit şərtlərindən daha yaxşı olsa, həmin adam banka getməyəcək, sizin şərikliyinizdən istifadə edəcək.

Xahiş edirəm, nəzərə alın ki, yuxarıdakı misalda sizi faizə borc verməyə sövq etmirəm. Azərbaycanda bank lisenziyası olmadan bu işlə məşğul olmağın nə dərəcədə qanuni olduğunu bilmirəm. Əksinə, tanışınızla şərikliyə girişməyinizdən bəhs edirəm.

Bazar alverinə girişmək istəmirsinizsə, bir neçə tanışınızla bir araya gəlib, şirkət qurub rəsmi surətdə bir mənzil alaraq onu kirayə verməyə başlaya bilərsiniz. Daşınmaz əmlakın riski çox aşağıdır və tam olaraq qiymətini itirmək ehtimalı da azdır. Kirayə gəliri isə sizə yığdığınız pulun üstünə dərhal gəlir əldə etmək imkanı yaradacaq.

Daşınmaz əmlaka da girişmək istəmirsinizsə, adi bank depoziti belə işə yarayar. Əsas - kənara qoyduğunuz pulun boş oturmamasını təmin etməkdir. 

"Bitcoin" kimi başınız çıxmayan və yalnız bahalaşmasından gəlir əldə edəcəyiniz şeylərə pul qoymayın. "Ucuz alıb baha satacağam" deyə fikirləşmək risklidir. Ucuza alacağınızı bahaya satMAya bilərsiniz. Əmin olun ki, qoyacağınız pul sizə mümkün qədər yaxın zamanda məhz nəğd mənfəət gətirməyə başlayacaq (bazardakı dövriyyədən gəlirin payı, kirayə gəliri, depozit faizi və s.). Məqsəd birinci aydan nəğd gəlir əldə etməyə başlamaqdır.

Saiktcə pul yatırıb bahalaşmasından faydalanmaq istəyirsinizsə, şəxsən mənim məsləhətim - ABŞ-ın səhm bazarının indiksinə - S&P 500 Index və ya Dow Jones Index-lərinə pullarınızı yatırın. Bunlar ABŞ-ın səhm bazarındakı ən etibarlı şirkətlərin səhmlərinin indeksləridir. Bunu etmək üçün brokerlik xidməti göstərən yerli banklardan birinə müraciət edə bilərsiniz. Bildiyimə görə, Paşa Bankın brokerlik xidməti mövcuddur. Orada hesab açıb, hər ay hesabınıza pul yatırın və yatırdığınız pulu adını çəkdiyim səhm indekslərinə yönəldin. O indekslərə pul yatırmaqla, ABŞ iqtisadiyyatına pul yatırmış olursunuz. ABŞ səhm bazarı (maliyyə böhranları çıxmaq şərtilə) tarix boyunca ancaq artıma doğru gedib. Pullarınızı ora yatırandan sonra hesabınıza illər boyunca dəyməyin, qoyun qalsın. Bir neçə gündən bir alıb satmaqla ancaq pul itirəcəksiniz. 10-15 il boyunca hər ay stabil olaraq pul yatırın və hesabınıza heç dəyməyin.

Bu qaydaya əməl etdikdə kənara qoyduğunuz məbləği bir işə yatırmaqla siz əlavə gəlir əldə etməyə başlayacaqsınız.


V Qayda: Əlavə gəlirinizi də yatırıb daha çox gəlir axını yaradın.

Maaşınızdan yığdığınız və işə yatırdığınız pul sizə əlavə gəlir gətirirsə, həmin gəliri təzə televizor almağa sərf etməyin. Həmin gəlirin özünü də dövriyyəyə buraxıb üstündə əlavə gəlir əldə edin. Qoyun yığdığınız pulların uşaqları sizə öz nəvələrini gətirsin. Onları da işə buraxın ki, onlar da sizə nəticələrini gətirsin. Bunu 10-15 il davam edin.

Nə qədər pul xərcləmək istəsəniz belə, əmin edin ki, hər ay gəliriniz xərcinizdən daha çox olsun.

Təkcə yuxarıdakı qaydalara əməl etməklə bir insan, gəlirindən asılı olaraq, 15-25 il ərzində kifayət qədər sərvət toplamış olacaq. Sərvətinizin artdığı hər ayla bu işi davam etdirməyə ürəyinizdəki istək və motivasiya da artacaq.

Yuxarıdakı qaydalara əməl etsəniz, uzun bir müddət sonra sizi imkanlı şəxsə çevrilməkdən saxlaya bilən amilləri minimuma endirəcəksiniz.




Yekun

25 illik müddət sizə çox uzun görükürsə, "25 il çox uzun müddətdir, o vaxta qədər nələr olacaq, nələr olmayacaq bilmək olmaz" deyə düşünürsünüzsə, aşağıdakıları da düşünün:

25 il sonrakı halınızı indidən təsəvvür edin. Nə işlə məşğulsunuz? Maliyyə imkanınız nə yerdədir? Kasıb və ya orta gəlirli ailədən gəlmisinizsə, 25 il sonra sizi zəngin edəcək dəyişiklik nədir?

Bunların heç birinə dəqiq cavabınız yoxdursa, yuxarıda sadaladığım qaydalara indidən riayət etməyə başlayın. Nə də olsa, peşman olmayacaqsınız.


-------------------------------------------------------------

Sonuncu paylaşımdır. Bu yazı ilə heç olmasa bir kəsin düşüncəsində dəyişiklik toxumunu əkmiş olsam, demək buna sərf etdiyim vaxt və enerji hədər getməyib.

Özünüzə yaxşı baxın.
Ağarza.

Feb 25, 2014

Biznes layihəsinin dəyərləndirilməsi.


Bloqun Facebook səhifəsində paylaşılan "moyka" məsələsi həlsiz qalmışdı. Bu yazıda həmin məsələnin həlli izah ediləcək. 

Məsələ isə bundan ibarətdir:

Daydayınız sizə üz tutub deyir:
A bala, iqtisadda oxumusan, hesabla görüm.
Cibimdə 5,000 manatım var. 
Gələn ay "moyka" açmaq üçün istəyirəm bankdan əlavə 10,000 manat götürəm (2 illik, aylıq ödəniş 509 AZN)İki nəfəri işə götürüb hərəsinə ayda 200 manat verəcəyəm. 
Bir maşını 6 manatdan yuduzduracağam və birinci ayda yəqin ki, 30 müştəri olar. Sonrakı gəlirlər hər ay, tutaq ki, yarım faiz artaraq gedəcək. 
De görüm moyka açmağa dəyər, yoxsa bu 5,000 manatımı aparım banka 10 faizlik depozitə qoyum?

Məsələni sadə saxlamaqdan ötrü işıq, su və digər xərclər nəzərə alınmayıb.

Gəlin bu məsələni həll edib daydayın sualına cavab verək.

Bu məsələnin həlli üçün Diskontlaşdırılmış Pul Axını (Dscounted Cash Flow) adlı mövzudakı hesablamalardan istifadə etmək lazımdır.

Daydayın sualına cavab vermək üçün - bu biznesin aparacağı və gətirəcəyi bütün pulların bugünkü dəyərini tapmaq lazımdır. Həmin rəqəmə biznesin xalis bugünkü dəyəri deyilir (ingiliscə net present value və ya NPV). Biz də bu rəqəmə NPV kimi müraciət edəcəyik. NPV müsbətdirsə, demək biznesə pul qoymağa dəyər. NPV mənfidirsə, demək biznesə pul qoymağa dəyməz. NPV sıfra bərabərdirsə, demək biznes nə çox, nə az, məhz ona qoyulacaq pul qədər gəlir gətirəcək və biznesin sahibi nə xeyirdə olacaq, nə də ziyanda.

İndi isə keçək hesablamalara.

Dayday bu il biznesə öz cibindən 5,000 AZN pul qoyur. Demək birinci rəqəm olaraq (mənfi) -5,000 AZN yazırıq.



Sonra, dayday bankdan 10,000 manatlıq kredit götürmək niyyətindədir. Bu məbləği olduğu kimi mənfi işarəsi ilə yaza bilmərik, çünki bu məbləğ 2 il (24 ay) ərzində ödəniləcək və üstünə faiz gələcək. Kreditin bugünkü dəyərini hesablamaq lazımdır.

Onu bilirik ki, kredit bərabər aylıq ödənişlərlə ödənməlidir və 24 ay boyunca daydayın cibindən hər ay 509 manat çıxacaq. Həmin ödənişlərin bugünkü dəyərini hesablamaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusundakı "ikinci məsələ" başlığı altındakı hesablamadan yararlanmalıyıq.

Əvvəlcə hesablamada istifadə edəcəyimiz faiz dərəcəsini müəyyən etməliyik. Dayday üçün istifadə edəcəyimiz faiz dərəcəsi 10%-dir. Çünki dayday pulu biznesə qoymasa, gedib pulu məhz bu faizlə banka depozitə qoyacaq. Yəni bu faiz daydayın alternativ gəlirini göstərir, deməli biznesdən ən azı 10% qazanmalıdır ki, biznesə pul qoymağın mənası olsun.

Ödənişlər aylıq olacağı üçün hesablamanı da aylıq etməliyik. 10% illik dərəcə olduğu üçün isə onu 12 aya bölürük və hər aya düşən faizin 0.83% olduğunu görürük. Beləliklə, hər ay üçün 509 rəqəmini 0.83%-ə azaltmalıyıq. Hesablama aşağıdakı kimidir:







509 manatı bir dəfə 0.83% azaldanda (riyazi dildə desək 1.0083 rəqəminə bir dəfə böldükdə) 505 manat alınır.
509 manatı iki dəfə 0.83% azaldanda (riyazi dildə desək 1.0083 rəqəminə iki dəfə böldükdə) 501 manat alınır.
və s.

Beləcə, bu hesablamanı 24 dəfə edirik, 24 ayın hərəsi üçün.







Sonra, hər ayın diskontlaşdırılmış ödənişini cəmləyirik və bütün ödənişlərin bugünkü dəyərini tapmış oluruq.

505+501+496+492+488+484+480+476+468+465+461+457+453+449+442+438+435+431+428+424+
+421+417 = 11,030 AZN

Beləliklə, 24 ay boyunca ödəniləcək 509 manatlıq məbləğin bugünkü dəyəri 11,030 manatdır. Bu ödənişlər dayday üçün xərcdir, demək -11,030 manatı da bugünkü tarixə xərc kimi yazırıq (mənfi işarəsi ilə).



Sonra, iki nəfər işçinin maaşının bugünkü dəyərini tapmalıyıq. Hər işçiyə ayda 200 AZN olmaqla ümumilikdə işçilərə 400 AZN maaş veriləcək.

Bu aylıq məbləğin bugünkü dəyərini tapmaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusunun "üçüncü məsələ" başlığı altındakı hesablamadan istifadə etmək lazımdır: aylıq məbləği (400 AZN) aylıq faiz dərəcəsinə (0.83% və ya 0.0083 rəqəmi) bölmək lazımdır.


Məsələdə maaşın ildən ilə artması haqda heç nə deyilməyib. Əslində maaşlar ildən ilə artmalıdır amma məsələni sadə saxlamaq üçün maaşda artımı nəzərə almayacağıq.

Beləliklə, aylıq 400 AZN maaş xərcinin bugünkü dəyəri 48,000 AZN-dır. Bu rəqəmi də mənfi işarəsi ilə yazırıq.



İndiyə qədər yazdıqlarımız daydayın xərclərinin bugünkü dəyəridir. İndi isə gəlirlərin bugünkü dəyərini hesablamaq lazımdır.

Gəlirlərin bugünkü dəyərindən xərclərin bugünkü dəyərini çıxdıqdan sonra rəqəm müsbət alınacaqsa, demək biznesə pul qoymağa dəyər.

Beləliklə, birinci ayda 30 müştəri (maşın) olacaq. Hərəsi 6 manatdan yuduzdurulacaq. Deməli birinci ayın gəlir gözləntisi aşağıdakı kimidir:

30 x 6 = 180 AZN

Sonrakı gəlirlər isə hər ay yarım faiz (yəni 0.5% və ya 0.005 rəqəmi) artaraq gedəcəyi gözlənilir. Hər ay artan gəlirin bugünkü dəyərini tapmaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusunun "dördüncü məsələ" başlığı altındakı hesablamadan istifadə etmək lazımdır.

Gəlirlərin bugünkü dəyərini hesablayaq:


Beləliklə, 180 manatdan başlayan və hər ay 0.5% artan gəlirlərin bugünkü dəyəri 54,000 AZN-dır.
Bu rəqəmi müsbət işarəsi ilə yazırıq.


Buradan məlum olur ki, Xalis Bugünkü Dəyər (Net Present Value) mənfi 10,030 AZN-dır. Bu isə o deməkdir ki, bu məsələdəki şərtlərlə daydaya moykanı açmamağı məsləhət görürük. Ondansa 5,000 manatını aparıb bankdakı depozitə qoysa daha sərfəli olar.

---------------

SİZCƏ, MƏSƏLƏDƏKİ HANSI ŞƏRTLƏR DƏYİŞİLSƏ "MOYKA"NI AÇMAQ SƏRFƏLİ OLAR?




___________________________________________________________________

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.


Facebook: Iqtisadi bloq 

Feb 8, 2014

Banka işə düzələndə bunları soruşurlar.

Özüm də bir vaxtlar iqtisadiyyatın idarəetmə ixtisası üzrə təhsil aldığıma görə güman edirəm ki, təcrübə (stajırovka) mövzusunda aranızda ən populyar yer kommersiya banklarıdır. Mən universitetdə oxuyarkən iki bankda təcrübədən keçmişəm və ilk rəsmi iş yerim də məhz bank olmuşdur.

Bu yazıda tələbənin bankda müsahibədən keçərkən nələri bilmək gərəkdiyi haqda danışılacaq.


Ümumi məlumat.

Bizim banklara tərcümeyi-halınızı (yəni CV-nizi) göndərəndə sizi ilk növbədə müştəri xidməti ("front office" dedikləri) üçün nəzərdə tuturlar. Kredit şöbəsinə düşən stajorların 90%-i ora "tapş"ın köməyi ilə düşür.

Sizi müsahibədən keçirən bank nümayəndəsinin sizə verə biləcəyi suallar aşağıdakılardır:

Özünüz haqqında danışın.

Sualı eşidən kimi "konkret nə danışım?" sualını verməyin. Ümumiyyətlə, mümkün qədər suala sualla cavab verMƏməyi çalışın. Bunları danışın: "Filan qədər yaşım var. Filan universitetin filan kursunda oxuyuram. (bura qədər az görünsə) Filan məktəbi bitirmişəm." Əgər əvvəllər haradasa işləmisiniz və ya təcrübə keçmisinizsə, həmin yer haqqında danışın (CV-də bu haqda artıq yazıldığına baxmayaraq).

Bizim bank haqqında nə bilirsiniz?

Müsahibəyə gəlməmişdən öncə mütləq bank haqqında çoxlu məlumat yığın. Bankın saytına girərək özünüz üçün aşağıdakı suallara cavab tapın:
- neçənci ildə yaranıb.
- aktivləri nə qədərdir (neçə milyon manat).
- əsasən hansı kredit növlərində ixtisaslaşıb: kiçik kreditlər yoxsa böyük korporativ kreditlər.
- hansı yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür (saytlarda bu haqda məlumat mütləq olur)
- səhmdarların arasında beynəlxalq təşkilatlar varsa, hansılardır (məsələn: bankın 25%-i EBRD-yə məxsusdur, 10%-i FMO-ya və s.)
- keçirdiyi son reklam kampaniyaları hansılardır.
- filial və bankomat şəbəkəsi təsminən hansı rayonları əhatə edir.
- və s.

Bu məsləhət əbləttə ki, yalnız bankda keçirilən müsahibə üçün deyil, istənilən şirkətdə keçirilən müsahibə üçün keçərlidir. Müsahibəyə getdiyiniz şirkət haqqında çoxlu məlumat toplayın.

Bank nədir? 

Bu haqda ətraflı olaraq "Banklar nəyə lazımdır?" yazısından öyrənə bilərsiniz. Qısaca isə bunu deməyiniz kifayətdir: Bank - maliyyə vasitəçisidir: pulu artıq olanlardan pulu müəyyən faizlə depozit şəklində qəbul edir, pula ehtiyacı olanlara isə həmin pulu daha artıq faizlə kredit şəklində verir. Aradakı faiz fərqini də özünə götürür. Bundan əlavə digər xidmətlər də göstərir: pul köçürmələri, hesab əməliyyatları və s.

Niyə biz məhz sizi götürməliyik? - və ya - Bu işin sizə uyğun bir iş olduğundan əminsinizmi?

"Məncə bu vəzifəyə tam yarayıram. Çünki sizə məsuliyyətli işçi lazımdır və mən hər gördüyüm işə məsuliyyətlə yanaşıram. Bundan əlavə, universitetdə sizə uyğun ixtisas üzrə təhsil alıram və işə başlamazdan öncə bank haqqında müəyyən biliklərim var. - öncədən iş təcrübəniz varsa - Müəyyən iş təcrübəm var. Və ümumiyyətlə bank sahəsində həmişə marağım olduğu üçün burada təcrübə almaq imkanına çox şövqlə yanaşıram." Özünüzdən də buna bənzər müsbət, təsiredici sözlər və şirnikləndirmələrdən əlavə edə bilərsiniz.

Kredit şöbəsinə düzələnlərin qarşılaşdığı sorğu-sual.

Sual: İki nəfər biznes krediti üçün müraciət edir. Birində fəaliyyət göstərən və pul gətirən ərzaq dükanı var, dükanın içində yeni şöbə açmaq üçün pula ehtiyacı var. İkincisinin isə hazırda biznesi yoxdur amma yeni ərzaq dükanı açmaq istədiyi üçün pula ehtiyacı var. Hansına kredit verərsən?
Cavab: Krediti birincisinə verərəm. Onun artıq pul gətirən dükanı var. Təzə işi alınmasa da krediti həmin pulla ödəyə bilər. İkincisində isə iş alınmasa kredit də batacaq.

Sual: Bir nəfər 50,000 AZN-lıq biznes krediti üçün müraciət edir. Girov kimi iki variant var: 70,000 AZN-lıq daşınmaz əmlak və ya onun öz şirkətindəki 120,000 AZN-lıq səhmlər. Hansı girovu seçərsən?
Cavab: 70,000 AZN-lıq daşınmaz əmlakı seçərəm. Dəyərdə nisbətən az da olsa, dəyəri daha sabitdir. Səhmlər daha tez ucuzlaşa bilər və səhmlərin qiyməti şirkətin vəziyyətindən çox asılıdır.

Sual: ROA və ROE nədir? Bir şirkətin ROA-sı ROE-sinə bərabər ola bilərmi?
Cavab: ROA - ingiliscə Return On Assets deməkdir və şirkətin il ərzində aktivlərinin üstündə qazandığı faiz deməkdir. ROE - ingiliscə Return on Equity deməkdir və şirkətin il ərzində məcmu kapitalının üstündə qazandığı faiz deməkdir. Şirkətin ROA və ROE-si o halda bərabər ola bilər ki, şirkətin heç bir öhdəliyi olmasın (bu haqda bloqda daha ətraflı yazılacaq; məqalə yazılan kimi dərhal xəbər almaq üçün ekranın sağında e-poçtla abunə ola və ya bloqun Facebook səhifəsini "like" edə bilərsiniz).

Sual: Cash flow (nağd vəsaitin hərəkəti) hesabatının dəqiqliyini başqa hansı hesabatla və necə yoxlamaq olar?
Cavab: Cash flow-nun dəqiqliyini balans hesabatı ilə yoxlamaq olar. İki dövrün balansındakı nağd vəsaitin fərqinə baxmaq lazımdır. Aradakı fərq nədirsə, son dövr üzrə cash flow-nun xalis rəqəmi (artım və ya azalma) də o qədər olmalıdır.

Özünüz nəsə əlavə etmək istəyirsinizmi?

Bəzi yerlərdə müsahibənin axırında bu cür sual verə bilərlər. Yəni sizi maraqlandıran hər hansı məsələyə dair sual verməniz üçün və ya özünüz haqda nəsə əlavə etməniz üçün sizə ayrıca imkan yarada bilərlər. Belə vəziyyətdə sual vermə xətrinə sual verməyin. Amma yenə də sual verməyi lazım bilsəniz strategiya, gələcək planlar haqqında soruşmaq məsləhətlidir.
Gələcək planlar haqqında məlumatı saytdan əldə edə bilməzdiniz, amma bu cür sual verməklə bank haqqında yaxşı araşdırma etdiyinizi və onun fəaliyyəti haqqında həqiqətən maraqlandığınızı göstərəcəksiniz. Eyni zamanda, bu cür suallar siz özünüzü müsahibədən keçən digər tələbələrdən dərhal fərqləndirəcəksiniz. İnanın ki, təcrübə üçün müsahibədən keçən tələbələrin arasında bu sualı sizdən başqa heç kim verməyəcək (aralarında bu bloq yazısını oxuyan olmayıbsa).
- Bank əsasən iri korporativ kreditlərdə ixtisaslaşırsa (məs: Xalq Bank, Ata Bank) bu cür sual vermək olar: "Bizdə bir çox bank iri korporativ kreditlərdən uzaqlaşaraq səylərini daha çox mikrokeditlərin üstündə cəmləşdirir. Məsələn, bildiklərimdən bunu ən son edən DəmirBankdır. Sizin bankın gələcək planlarında belə bir niyyət varmı?"
- Bankın bankomat/filial şəbəkəsi əsasən Bakı və Sumqayıtda yayılıb amma regionlarda bank çox zəif təmsil olunursa: "Bildiyimə görə (saytdan baxdığınıza görə) filiallarınız yalnız Bakıda və Sumnqayıtda yerləşir. Regionlarda rəqabət daha azdır. Gələcək zamanda regionlarda da fəaliyyət görməklə bağlı bir planlar varmı? Yoxsa hazırda Bank səylərini məhz Bakı və Sumqayıta yönləndirmək niyyətindədir?"

Bu bloqu oxuyan tək siz deyilsiniz. Sizin verməyə hazırlaşdığınız sualdan başqa heç kimin verməyəcəyindən əmin olmaq üçün bu misallardan istifadə etməyin və özünüzdən bir sual fikirləşin.

Müsahibənin sonunda isə buna bənzər "bəzədilmiş" sözlərdən deməyiniz məsləhətdir: "Sizin bankınızın xidmətlərindən istifadə etdiyim vaxt, həmçinin bura müsahibə üçün gəldiyim vaxt gördüklərimə əsasən sizin çox xoş iş mühitiniz və çox xoş təəssürat bağışlayan işçi heyətiniz var. Və mən çox ümid edirəm ki, sizin bankda (və sizinlə birgə) çalışmaq imkanını əldə edə biləcəyəm."

Əlavə olaraq.

Xarici görünüşünüzə fikir verin. Sizin məqsədiniz ciddi təəssürat yaratmaqdır.
Kişi xeylağısınızsa üzünüzü qırxın, səliqəli klassik şalvar və köynək geyin. Qalstuk taxmaya bilərsiniz amma qalstukun olması daha məsləhətlidir. 
Qadın xeylağısınızsa, təvazökar və müəyyən qədər klassik geyinməyə çalışın. Çox qısa ətək geyinməyin. Saçınız uzundursa, yığın. Çox hündür daban ayaqqabı geyməyin. Uzun boğaz sapoq isə əsla geyməyin.

Səlis dildə danışın. 

Özünüz haqqında danışarkən və sonra suallara cavab verərkən yerə, tavana baxmayın. Danışdığınız müddətin çoxunu müsahibə götürənin gözünə baxmağa çalışın. Sizə sual verərilərkən isə həmişə sual verənin gözünə baxın. Bu sadə jest müsahibə götürən insanda sizə qarşı şüuraltı etibar yaradır.

Hələlik bu qədər.


___________________________________________________________________

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Sep 7, 2013

Maliyyə Hesabatları: Balans

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Balans

Bunların biri olan balans hesabatı haqqında daha ətraflı aşağıda:


Balans hesabatı.

Mənfəət-zərər və nağd vəsaitin hərəkəti hesabatları şirkətin müəyyən bir dövr ərzindəki (məsələn: 1 yanvar 2012 – 31 dekabr 2012) fəaliyyətindən xəbər verirsə, balans hesabatı əksinə, müəyyən bir məqamda (məsələn: 31 dekabr 2012) şirkətin nəyə sahib olduğunu göstərir. Şirkətin sahib olduğu varlıqlar dedikdə aktivlər, öhdəliklərməcmu kapital nəzərdə tutulur.

Aktiv - aktivə ingilis dilinə "Asset" kimi tərcümə edilir. İstifadə edilərək dəyər yarada bilən istənilən əşya aktiv ola bilər. Məsələn, bir şirkətin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofisə ləvazimatları, və s. həmin şirkətin aktivləri sayılır.

Öhdəlik - ingilis dilinə "Liability" kimi tərcümə edilir. Adından da bilindiyi kimi "öhdəliklər" şirkətin borclarını əks etdirir. Öhdəliklərin heç biri şirkətə məxsus deyil amma şirkət onlardan istifadə edərək mənfəət qazanmağa çalışır. 

Məcmu Kapital - ingilis dilndə "Owner's Equity" adlanır və şirkətin sahibinə (səhmdarına) məxsus özəl kapitalı ifadə edir. Bu haqda aşağıda daha ətraflı danışılacaq.


Gəlin kəllə qənd istehsalı ilə məşğul olan “A” şirkətinin nəyə sahib olduğuna baxaq.

- Nəğd vəsait (şirkətin xəzinəsində (kassasında))                                      2,500 AZN
- Hazır məhsul (istehsal olunmuş amma hələ satılmamış)                          7,500 AZN
- Nisyə satılan mallara bir ay ərzində alınacaq məbləğ                               3,000 AZN


- İstehsal avadanlığı (qənd bişirən, qablaşdıran, və s.)                             150,000 AZN
- İki mikroavtobus (malın dükanlara daşınması üçün)                                25,000 AZN
- Sexin yerləşdiyi bina (fərz edək ki, şirkətin öz əmlakıdır)                        75,000 AZN



Beləliklə, bu misaldakı "A" şirkətinin cəmi aktivlərinin dəyəri 263,000 AZN-dır.

Bunu da qeyd etmək lazımdır ki, aktivlər iki cür olur:

Qısamüddətli aktivlər – (ingiliscə “short-term assets” və ya “current assets”) bir ildən qısa müddət ərzində pula çevrilə bilən aktivlərə qısamüddətli aktivlər deyilir. Bunlara nağd vəsaitin özü, hazır məhsul, nisyə satılan mallardan alınacaq məbləğ və s. aid edilir.

Uzunmüddətli aktivlər – (ingiliscə “long-term assets”) bir ildən uzun müddət ərzində pula çevrilə bilən aktivlərə uzunmüddətli aktivlər deyilir. Bunlara istehsal avadanlığı, bina və s. aid edilir. Baxmayaraq ki, sadalanan aktivlər (avadanlıq, bina) bir çox hallarda bir ildən daha qısa müddətə satıla bilər, bunlar adətən uzunmüddətli aktivlərə aid edilir.

Hələ ki, yalnız aktivlər daxil edilmiş yarımçıq balans hesabatı aşağıdakı kimi görükür:


















Balans hesabatında bir tərəfdə aktivlər göstərilərkən, digər tərəfdə aktivlərin arxasında dayanan öhdəliklər və məcmu kapital göstərilməlidir. Yəni bu aktivlərin mənbəsini, bunların haradan gəldiyini göstərən ikinci tərəf olmalıdır.

Bu misaldakı “A” şirkətinin öhdəlikləri aşağıdakı kimidir: 

- Təchizatçılara borc (nisyə alınmış xammala görə)                                  10,000
- Bank krediti (5 illik kredit)                                                                   150,000

Öhdəliklər də həmçinin iki cür olur:

Qısamüddətli öhdəliklər – (ingiliscə “short-term liabilities” və ya “current liabilities”) bir ildən qısa müddət ərzində ödənilməli olan borclara deyilir. Bunlara nisyə alınan xammala görə təchizatçılara olan borcu aid etmək olar. Bu cür borclar adətən bir aydan gec olmayaraq ödənməlidir.

Uzunmüddətli öhdəliklər – (ingiliscə “long-term liabilities”) bir ildən artıq müddət ərzində ödənilməli olan borclara deyilir. Bu öhdəliklərə beş illik bank kreditini aid etmək olar.

Öhdəlikləri balans hesabatına əlavə etdikdə aşağıdakı yarımçıq balans hesabatı alınır:


















Gördüyünüz kimi sol tərəfdəki aktivlərin cəmi dəyəri 263,000 AZN-dır Sağ tərəfdə isə öhdəliklər 160,000 AZN təşkil edir. Aradakı fərq 103,000 manatdır ki, bu da məcmu kapitalda öz əksini tapacaq.

Məcmu Kapital – şirkətin sahibinə məxsus pullar, onun şəxsi vəsaiti, “Məcmu Kapital” adlanır. İngilis dilində buna “Owner’s Equity” deyilir.
Məcmu Kapital iki hissədən ibarətdir:
 - Nizamnamə kapitalı (ingiliscə “Paid-in Capital”) – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir. Bu kapital nağd pul da ola bilər, fiziki əşya və ya bina da ola bilər.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi öz şirkətini qurarkən cibində 10,000 AZN nağd pulu və qənd sexində 30,000 AZN dəyərində avadanlığı var idi. Demək “A” şirkətini nizamnamə kapitalı 40,000 AZN təşkil edir. 
 - Bölüşdürülməmiş mənfəət (ingiliscə “Retained Earnings”) – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi şirkətin fəaliyyətindən hər ay əldə etdiyi vəsaitin yarısını cibinə qoyub özünün və ailəsinin ehtiyaclarına xərcləyirdi, qalan yarısını isə yenidən şirkətin dövriyyəsinə buraxırdı. Şirkət yaradılan gündən onun mənfəətindən onun dövriyyəsinə yenidən yatırılmış məbləğin cəmi 63,000 AZN-ə gəlib çatıb. Demək “A” şirkətinin bölüşdürülməmiş mənfəəti 63,000 AZN-dır.

“A” şirkətinin Məcmu Kapitalını balans hesabatına daxil etdikdə, yekun balans hesabat aşağıdakı kimi görükür:




















Beləliklə, balans hesabatımız balans olundu, yəni hər iki tərəfindəki məbləğ bir-birinə bərabər oldu. Həqiqi həyatda balansın düzgün gəlməsi – mühasibatlığın düzgün aparıldığı mənasına gəlir. Mühasibat düzgün aparılmayıbsa balans hesabatı da düzgün gəlməz (yəni hər iki tərəfi bir-birinə bərabər olmaz).



___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Aug 16, 2013

Diskontlaşdırılmış Pul Axını (Discounted Cash Flow)

Bu yazıdan öncə şirkət dəyərinin hesablanması haqqında yazı paylaşılacaqdı. Amma həmin mövzunun çox qəliz olmaması üçün ilk öncə diskontlaşdırılmış pul axınının nə olduğunu başa salmağa ehtiyac var. Ümidvaram, bu yazı iqtisadiyyatın "anlaşılan dili" olaraq qalacaq.

Növbəti yazı haqqında xəbər almanız üçün ekranın sağında e-poçtla abunə ola və ya bloqun Facebook səhifəsini "like" edə bilərsiniz.



Mövzunu məsələlərlə anlatmaq istərdim.


Birinci məsələ.

Sizə iki variant təklif edilir. Birinci variantda siz bu gün 100 AZN əldə edirsiniz. İkinci variantda isə siz bir il sonra 120 AZN əldə edirsiniz. Sizcə hansı variant daha sərfəlidir?

Bu variantları bir-biri ilə düzgün müqayisə etmək üçün hər ikisini ortaq məxrəcə (yəni eyni tarixə) gətirmək lazımdır. Yəni hər iki ödənişi ya bugünkü tarixdə, ya da bir il sonrakı tarixdə qiymətləndirmək lazımdır. 

Birinci variantı seçsəniz, həmin 100 manatı aparıb banka bir illik depozitə qoya bilərsiniz. Hal-hazırda Azərbaycan banklarının bir illik depozitlərə təklif etdikləri faiz dərəcəsi təxminən 10%-dir. Deməli, 100 manatı bu gün depozitə qoysanız, bir il sonra əlinizdə 110 manat olacaq. 

Demək, bu günün 100 manatı ilə bir il sonranın 110 manatı eyni dəyərdədir. Bunu tapmaq üçün sadəcə olaraq bu günün 100 manatına 10% əlavə etdik (10% məntiqli rəqəmdir, çünki ölkədəki bank depozitləri bunu həqiqətən etməyə imkan verir). 

Riyazi dildə desək, aşağıdakı hesablamanı etdik:


Nəticədə hansı qənaətə gəlirik? Birinci variantı seçsəniz, bir il sonra əlinizdə 110 manat olacaq. İkinci variantı seçsəniz, bir il sonra əlinizdə 120 manat olacaq. Demək, ikinci variant (bir il sonra 120 AZN) daha sərfəlidir. 


İndi isə həmin müqayisəni başqa cür edək. 

Yuxarıdakı hesablamada bu gün aldığınız 100 manatın bir il sonrakı dəyərini tapmışıq. İndi isə gəlin bir il sonra alınacaq 120 manatın bugünkü dəyərini tapaq və hər iki rəqəmi bugünkü dəyərində müqayisə edək.

Hansı məbləği illik 10%-lə depozitə qoysanız bir il sonra əlinizdə 120 manat olacaq? Gəlin həmin rəqəmə "N" deyək.




Demək 109 manatı bu gün illik 10%-lə depozitə qoysanız bir il sonra əlinizdə 120 manat olar. Deməli, bir il sonra alınacaq 120 manatın bugünkü dəyəri 109 manatdır. 

Yenə də belə qənaətə gəlirik ki, ikinci variant daha sərfəlidir - birinci variantın bugünkü dəyəri 100 manatdır, ikinci variant isə bugünkü dəyəri 109 manatdır.


Müqayisənin ikinci yolu (gələcək pul axınlarının bugünkü dəyərə gətirilməsi) daha çox istifadə olunur.
Bir il sonra alınacaq 120 AZN-ın bugünkü dəyərə gətirilməsinə diskontlaşdırma (discounting) deyilir.
Aşağıdakı məsələlərdə də elə bu yoldan istifadə edəcəyik.



İkinci məsələ.

Siz 1-ci, 2-ci və 3-cü illərin hər birində 100 AZN əldə edəcəksiniz. Həmin pulların bugünkü dəyəri nədir? Faiz dərəcəsi 10%-dir.
* 1-ci il bugünkü tarixdən düz bir il sonradır.

Bu cür ödənişlərə Azərbaycan dilində "annuitet", ingilis dilində isə "annuity" deyilir.

Gəlin bu ödənişləri bir cədvələ düzək:

İl:                                  1             2             3           
Ödəniş (AZN):              100          100          100


İndi isə gəlin həmin rəqəmləri diskontlaşdıraraq hərəsinin bugünkü dəyərini tapaq. Diskontlaşdırmazdan əvvəl bir şeyi nəzərə almaq lazımdır. 

1-ci ildəki 100 manat bir il sonra alınacağı üçün bir dəfə diskontlaşdırılacaq. 
2-ci ildəki 100 manat iki il sonra alınacağı üçün iki dəfə diskontlaşdırılacaq.
3-cü ildəki 100 manat üç il sonra alınacağı üçün üç dəfə diskontlaşdırılacaq.

Başqa sözlə, dövrlərin sayı hesablamaya başlıca təsir göstərir. Hesablamanın düsturunu sözlə yazsaq aşağıdakı kimi olar:



Beləliklə, ödənişlərin hər birinin diskontlaşdırılması aşağıdakı kimi olacaq.











Deməli:
1 il sonra alınacaq 100 manatın bugünkü dəyəri 91 manatdır.
2 il sonra alınacaq 100 manatın bugünkü dəyəri 83 manatdır.
3 il sonra alınacaq 100 manatın bugünkü dəyəri 75 manatdır.

Bunların hamısının təklikdə bugünkü dəyərini tapandan sonra toplayırıq:

91 + 83 + 75 = 249 AZN

Demək, hər üç ödənişin cəmi bugünkü dəyəri 249 AZN-dır. 


Ödənişlər aylıq olduqda illik faiz dərəcəsini (10%) 12 aya bölərək aylıq faiz dərəcəsini tapırıq (0.83%). Sonra isə hər ayın ödənişini aylıq faiz dərəcəsilə (0.83%-lə) diskontlaşdırırıq.

Yadda saxlayın ki, faiz dərəcəsi hansı müddətə şamil edilirsə, hesablamada həmin müddət bir dövr kimi götürülməlidir. Aylıq faiz dərəcəsindən istifadə etdikdə bir ay - bir dövr kimi hesablanmalıdır.



Üçüncü məsələ.

Siz növbəti ildən başlayaraq hər il 100 manat əldə edəcəksiniz. Ödənişlərin son tarixi yoxdur, ödənişlər hər il olacaq. Bütün bu ödənişlərin bugünkü dəyərini tapın. Faiz dərəcəsi 10%-dir.

Bu cür ödənişlərə ingilis dilində "perpetuity" deyilir, yəni əbədilik. Bu cür ödənişlərin son tarixi olmur və sonsuzluğa qədər ödəniləcəyi fərz edilir. 

Bu cür ödənişlərin hesablanması yolu çox asandır. Hər il ödənilən məbləği illik faiz dərəcəsinə bölürük, vəssalam.




Hazırkı misalda 100 manatı 10%-ə (yəni 0.1 rəqəminə) bölürük:




Demək, sonsuza qədər hər il alınan 100 manatlıqların bugünkü dəyəri 1,000 AZN-dır.



Dördüncü məsələ.

Bugünkü tarixdən bir il sonra siz 100 AZN alacaqsınız. Üçüncü məsələdə olduğu kimi ödənişlər hər il sonsuzluğa qədər davam edəcək amma hər ilin ödənişi öncəki ilə nisbətən 5% artacaq. Bu ödənişlərin bugünkü dəyərini tapın. Faiz dərəcəsi 10%-dir.

Üçüncü məsələdəki düsturdan yeganə fərq ondadır ki, məxrəcdəki faiz dərəcəsindən artım faiz dərəcəsini çıxırsınız:



Rəqəmləri yerinə qoyduqda aşağıdakını alırıq:



Beləliklə, birinci ildən 100 AZN-lə başlayan və hər il 5% artaraq sonsuzluğa qədər davam edən ödənişlərin bugünkü dəyəri 2,000 AZN-dır.



Yekun.

Ümidvaram ki, bu dörd məsələ ilə pul axınının diskontlaşdırılması mövzusunu anlaşılan dildə tam çatdıra bildim. Növbəti yazıda (Şirkət dəyərinin hesablanması) bu mövzudakı anlayışlardan istifadə olunacaq. 



_________________________________________________________________

Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, və ya bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq