May 27, 2013

2007-2008 Maliyyə Böhranı - II hissə.

Eyniadlı paylaşımın birinci hissəsində ABŞ-da maliyyə böhranının başlaması səbəbləri haqqında danışmışdım. Həmin paylaşımın davamı olaraq, bu yazıda, böhranın Avropaya keçməsinin səbəblərini təsvir etmək istərdim. 


ABŞ-dakı böhranın Avropaya keçməsi.

Avropadakı maliyyə böhranının başlıca səbəbi kimi Avropa ölkələrilə ABŞ arasındakı maliyyə və sahibkarlıq baxımından sıx bağlılığı göstərmək olar. ABŞ və Avropada fəaliyyət göstərən beynəlxalq şirkətlər və banklar ABŞ-dakı fəaliyyətlərindən güclü zərər çəkməyə başlayınca ümumi gəlirləri də azalmış oldu. Avropa Birliyində (AB) bir sıra şirkət var ki, yalnız ABŞ-a ixrac edilməsi üçün məhsul istehsal edir, və oksinə, ABŞ-ın bir sıra şirkəti AB-ya edilən ixracdan asılıdır. Bu hal ABŞ ilə AB arasındakı bağlılığı daha da artırır və birinə zərər dəydiyi halda, hər iki tərəfdə milyonlarla iş yerlərinin bağlanmasına gətirib çıxarır. Əlavə olaraq, bir çox Avropa şirkətinin və adi vətəndaşlarının ABŞ-dakı şirkətlərin səhmlərinə sahib olduqlarından, ABŞ-dakı şirkətlərin müflisləşməsindən bilavasitə zərər çəkməyə başladılar.

Bundan əlavə, ABŞ-ın böhranına səbəb olan daşınmaz əmlakdakı qiymət artımı eyni zamanda Avropada da müşahidə olunurdu (sözügedən iki regionun bazarları və bankları arasındakı sıx əlaqəyə görə). ABŞ-dakı böhran başlanınca Avropanın da daşınmaz əmlakının qiymətləri aşağıya doğru irəlilədi.

Avropa Birliyi 27 ölkədən ibarətdir. Bu 27 ölkənin 17-sinin rəsmi valyutası avro olduğu üçün həmin ölkələrin bölgəsi Avrozona adlanır. Avrozona ölkələri yeganə valyutadan istifadə etdiklərinə baxmayaraq, hər ölkə özünün büdcəsini özü təklikdə idarə edir (yəni büdcəyə aid qərarlar bir mərkəzdən deyil, hər ölkənin öz dövləti tərəfindən verilir).

Problem də burasındadır ki, büdcə siyasəti (büdcənin gəlir və xərclərinin idarə edilməsi) bir-başa olaraq valyutanın dəyərinə və ümumi iqtisadi vəziyyətə təsir göstərir.

Avrozonanın bir deyil, on yeddi ölkədən ibarət olması Avropanın iqtisadiyyatını ABŞ-dakından xeyli dərəcədə fərqləndirir. Buna görə də Avropadakı böhran bütün regiona birdən deyil, ona üzv olan fərqli ölkələrdən tədricən yayılmağa başladı. Ölkələr üzrə hadisələrin inkişafı aşağıdakı kimi olmuşdur.


Yunanıstan.

2000-ci illərin əvvəllərində Yunanıstanın iqtisadiyyatı Avrozonada ən sürətlə inkişaf edənlərdən biri idi. Bu inkişafı dəstəkləmək üçün Yunanıstan böyük layihələrə çoxlu pul xərcləyərək öz büdcəsini defisitə salırdı. Yəni bir il ərzində Yunanıstanın büdcə gəliri məsələn 90 milyard avro idisə, xərcləri 100 milyard avro təşkil edirdi. Sürətlə inkişaf edən ölkələrdə bu cür hala tez-tez rast gəlmək olur.

Bunun baş verməsi səbəbi aşağıdakı kimidir:
Cari il, məsələn, 90 milyard büdcə gəliri gözləyən bir ölkə növbəti illərdə bu gəliri artırmaq məqsədi ilə indidən bir qədər artıq pul xərcləyərək yeni kurortlar, alış-veriş mərkəzləri, infrastruktur obyektləri və s. tikdirir və bununla cari ildəki xərclərini məsələn 100 milyarda çatdırır. Bunu edərkən heç nədən qorxmur, çünki cari ildə pul ayırdığı layihələrin növbəti illərdə mütləq artıq gəlir gətirəcəyini gözləyir.

Yunanıstanla misalında da həmin vəziyyət mövcud idi. Lakin gəlirlərin gələcəkdə artmasını ABŞ-dakı böhran əngəllədi. Nəticədə Yunanıstanın büdcə gəlirləri nəinki artmadı, hətta aşağı düşdü.

ABŞ-dakı böhran Avropada ilk olaraq Yunanıstana zərər vurdu, çünki Yunanıstan iqtisadiyyatının əsas sahələri olan yükdaşıma turizm ABŞ-dakı iqtisadi vəziyyətdən çox asılı halda idi. ABŞ-la aparılan ticarət dövriyyəsinin azalması yükdaşımaya təsir etdi. ABŞ-dakı böhran, eyni zamanda, oradan və digər Avropa ölkələrindən Yunanıstana gələn turistlərin sayını hiss olunacaq dərəcədə azaltdı. Yunanıstanın büdcə defisiti getdikcə dərinləşməyə başladı (yəni büdcə gəlirləri getdikcə azaldığına görə xərclə gəlirin arasındakı fərq getdikcə böyüməyə başladı). Nəticədə Yunanıstanın iqtisadiyyatı böhrana girdi və ölkəxaricindən maliyyə köməyə ehtiyacı yarandı.


İrlandiya.

Yunanıstandakından fərqli olaraq, İrlandiyada yaranan maliyyə böhranı dövlətin artıq vəsait xərcləməsindən irəli gəlmirdi.

İrlandiya dövləti ölkələrində fəaliyyət göstərən altı ən böyük bankına zamin durmuşdu (Allied Irish Bank, Bank of Ireland, Anglo Irish Bank, və s.). Yəni həmin altı bankdan hər-hansının çətinlik çəkdiyi halda dövlət ona maliyyə yardım etmək öhdəliyini öz üzərinə götürmüşdü. Bu cür öhdəliklər nadir hal deyil. Böyük bankların müflisləşməsi iqtisadiyyata böyük ziyan vurduğu üçün dünyadakı əksər ölkələrin dövlətləri böyük bankları qorumaq məqsədilə buna bənzər qoruyucu qanunlar qəbul edir. Əvəzində isə, böyük banklar özlərini təhlükəsizlikdə hiss etməyə başlayır və bir çox hallarda böyük qazanc gətirə biləcək riskli əməliyyatlara girişir (çünki problem yaşanacağı halda dövlətdən yardım alacaqlarına əmindirlər).

İrlandiyanın bankları da bu cəhətdən istisna deyildi. Həmin alt; böyük bank, ABŞ bankları kimi, daşınmaz əmlaka küllü miqdarda ipoteka ayırmışdı. Avropadakı daşınmaz əmlak ucuzlaşmağa başladıqda İrland bankları da maliyyə çətinlikləri ilə üzləşməyə başladı. Dövlət də, vəd etdiyi kimi, altı bankın altısına da yardım məqsədilə böyük miqdarda vəsait ayırmaq məcburiyyətində qaldı. Bu xərclər, büdcə gəlirləri 43-48 milyard avro arasında dəyişən İrlandiya üçün böhranın başlanmasına kifayət etdi.


Portuqaliya.

Portuqaliyanın Avropada böhranı yaşayan ilk ölkələrdən birinə çevrilməsi bir çox uzun müddətli proseslərin nəticəsi idi.

1974-cü ildəki "Qərənfil inqilabı"ndan 2010-cu ilədək Portuqaliyada dövlət qulluqçularının maaşları olduqca şişirdilmiş idi. Davamlı və uzunmüddətli dövlət işlərinə cəlbetmə siyasəti böyük sayda lazımsız dövlət işçilərinin peyda olmasına səbəb oldu. Çoxsaylı dövlət işçilərinə ayrılan əmək haqlarının dövlət büdcəsi üçün nə qədər ağır yük olduğu məhz böhranın ilk mərhələlərində hiss olunmağa başladı.

Bundan əlavə, təxminən qırx il boyunca riskli əməliyyatlara pul yatıran çoxlu sayda maliyyə fondlarının fəaliyyəti dövlət tərəfindən zəif tənzimlənməkdə idi. Dövlət, depozitlər yığıb riskli kreditlər verən və riskli layihələrə pul yatıran maliyyə fondlarına sərt qadağalar qoymurdu.

Bütün bunların nəticəsi idi ki, Portuqaliyanın maliyyə sistemi dünyada baş qaldırmaqda olan maliyyə böhranına kifayət qədər həssas idi.


İspaniya. 

İrlandiya misalına bənzər vəziyyət İspaniyada da təkrarlanmışdı. İspaniyanın təkcə "Bankia" adlı iri bankının itkilərini ödəmək üçün İspan hökuməti böyük xərclərə məruz qalmışdı (və bununla büdcə xərci ilə büdcə gəliri arasındakı fərqi, yəni defisitini, artırmalı olmuşdu). Bu hadisə özündən sonra zəncirvari maliyyə problemlərini yaratmağa başladı ki, bu da İspaniyada digər Avropa ölkələrinə nisbətən daha təhlükəli vəziyyətin yaranmasına səbəb oldu. Nəticədə İspaniya, bir neçə digər Avropa ölkəsilə yanaşı, maliyyə dəstəyinə ehtiyac duymağa başladı.

------------------------------------------------

Yuxarıda sadalanmış ölkələrdən sonra Avropa Birliyinin bir çox ölkəsi müxtəlif dərəcədə maliyyə problemləri ilə üzləşməyə başladı. Bir sözlə, Avropa ölkələrinin iqtisadiyyatında zamanla yığılmış bir çox çatışmazlıq var idi ki, ABŞ-da başlanmış maliyyə böhranı ilə hamısı üzə çıxdı.

27 ölkənin Avropa Birliyində birləşməsinin məqsədlərindən biri də odur ki, üzv ölkələrin birində iqtisadi problem yaşanarsa, digər ölkələrin hesabına həmin ölkəyə aşağı faizlə maddi yardım ayrılsın. Yuxarıdakı ölkələrin hər birinə maddi yardımlar ayrılmağa başladı.

Maddi yardımın ayrılması da, öz növbəsində, Avropa Birliyinin maliyyə cəhətdən sağlam ölkələrinə ziyan vurmağa başlayırdı. Məsələn, maliyyə cəhətdən olduqca sağlam olan Almaniya dövləti Avropa Birliyinin digər problemli ölkələrinə maliyyə yardımını ayırmaqla öz büdcəsini yükə salmalı olurdu.

Həmin maddi yardımların xüsusi şərtlər altında, hissə-hissə ayrılması nəzərdə tutulmuşdu. Əvvəlcə pulun bir hissəsi ödənilir və, ölkə şərtlərə riayət edərsə, pulun ödənilməsi davam edir.

Şərtlər bundan ibarətdir ki, hər bir ölkə öz büdcə xərcləri ilə büdcə gəlirləri arasındakı xoşagəlməz fərqi, yəni defisiti, azaltmaq məcburiyyətindədir. Dövlətlər öz xərclərini azaltmaq üçün infrastruktura sərf olunan pulları, dövlət işçilərinin maaşlarını, dövlət işçilərinin sayını, pensyaların həcmini azaltmağa, pensiyaya çıxma yaşını isə artırmağa başladılar (vətəndaş pensiyaya daha gec çıxarsa, dövlət ona daha az müddət boyunca pensiya ödəmiş olacaqdı).  Bundan əlavə, dövlət gəlirlərini artırmaq məqsədilə vergilər artırıldı.

Bütün bunlar həmin ölkələrin əhalisi arasında ciddi narazılığa səbəb olmuşdu ki, bir çoxunda ictimai nümayişlər və etiraz aksiyaları keçirilməyə başlandı. Bununla bağlı ən geniş kütləli xalq iğtişaşları Yunanıstanda baş vermişdir.



27 ölkə və 500 milyonluq əhalidən ibarət olan Avropa Birliyinin böhrana düşməsinin çox davamlı təsiri ola bilər. Başqa sözlə, həmin böhran təzəcə özünə gəlməkdə olan ABŞ-a yenidən qayıda bilər. Hal-hazırda hadisələrin bu cür gedişatının şahidi oluruq. Böhranın ABŞ-a yenidən qayıtmaması üçün mühüm addımlar atılır. Nəticədə nə baş verəcəyini isə vaxt göstərəcək.


___________________________________________________________________

Yeni yazılar paylaşılanda xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, və ya bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq

No comments:

Post a Comment