Feb 25, 2014

Biznes layihəsinin dəyərləndirilməsi.


Bloqun Facebook səhifəsində paylaşılan "moyka" məsələsi həlsiz qalmışdı. Bu yazıda həmin məsələnin həlli izah ediləcək. 

Məsələ isə bundan ibarətdir:

Daydayınız sizə üz tutub deyir:
A bala, iqtisadda oxumusan, hesabla görüm.
Cibimdə 5,000 manatım var. 
Gələn ay "moyka" açmaq üçün istəyirəm bankdan əlavə 10,000 manat götürəm (2 illik, aylıq ödəniş 509 AZN)İki nəfəri işə götürüb hərəsinə ayda 200 manat verəcəyəm. 
Bir maşını 6 manatdan yuduzduracağam və birinci ayda yəqin ki, 30 müştəri olar. Sonrakı gəlirlər hər ay, tutaq ki, yarım faiz artaraq gedəcək. 
De görüm moyka açmağa dəyər, yoxsa bu 5,000 manatımı aparım banka 10 faizlik depozitə qoyum?

Məsələni sadə saxlamaqdan ötrü işıq, su və digər xərclər nəzərə alınmayıb.

Gəlin bu məsələni həll edib daydayın sualına cavab verək.

Bu məsələnin həlli üçün Diskontlaşdırılmış Pul Axını (Dscounted Cash Flow) adlı mövzudakı hesablamalardan istifadə etmək lazımdır.

Daydayın sualına cavab vermək üçün - bu biznesin aparacağı və gətirəcəyi bütün pulların bugünkü dəyərini tapmaq lazımdır. Həmin rəqəmə biznesin xalis bugünkü dəyəri deyilir (ingiliscə net present value və ya NPV). Biz də bu rəqəmə NPV kimi müraciət edəcəyik. NPV müsbətdirsə, demək biznesə pul qoymağa dəyər. NPV mənfidirsə, demək biznesə pul qoymağa dəyməz. NPV sıfra bərabərdirsə, demək biznes nə çox, nə az, məhz ona qoyulacaq pul qədər gəlir gətirəcək və biznesin sahibi nə xeyirdə olacaq, nə də ziyanda.

İndi isə keçək hesablamalara.

Dayday bu il biznesə öz cibindən 5,000 AZN pul qoyur. Demək birinci rəqəm olaraq (mənfi) -5,000 AZN yazırıq.



Sonra, dayday bankdan 10,000 manatlıq kredit götürmək niyyətindədir. Bu məbləği olduğu kimi mənfi işarəsi ilə yaza bilmərik, çünki bu məbləğ 2 il (24 ay) ərzində ödəniləcək və üstünə faiz gələcək. Kreditin bugünkü dəyərini hesablamaq lazımdır.

Onu bilirik ki, kredit bərabər aylıq ödənişlərlə ödənməlidir və 24 ay boyunca daydayın cibindən hər ay 509 manat çıxacaq. Həmin ödənişlərin bugünkü dəyərini hesablamaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusundakı "ikinci məsələ" başlığı altındakı hesablamadan yararlanmalıyıq.

Əvvəlcə hesablamada istifadə edəcəyimiz faiz dərəcəsini müəyyən etməliyik. Dayday üçün istifadə edəcəyimiz faiz dərəcəsi 10%-dir. Çünki dayday pulu biznesə qoymasa, gedib pulu məhz bu faizlə banka depozitə qoyacaq. Yəni bu faiz daydayın alternativ gəlirini göstərir, deməli biznesdən ən azı 10% qazanmalıdır ki, biznesə pul qoymağın mənası olsun.

Ödənişlər aylıq olacağı üçün hesablamanı da aylıq etməliyik. 10% illik dərəcə olduğu üçün isə onu 12 aya bölürük və hər aya düşən faizin 0.83% olduğunu görürük. Beləliklə, hər ay üçün 509 rəqəmini 0.83%-ə azaltmalıyıq. Hesablama aşağıdakı kimidir:







509 manatı bir dəfə 0.083% azaldanda (riyazi dildə desək 1.0083 rəqəminə bir dəfə böldükdə) 505 manat alınır.
509 manatı iki dəfə 0.083% azaldanda (riyazi dildə desək 1.0083 rəqəminə iki dəfə böldükdə) 501 manat alınır.
və s.

Beləcə, bu hesablamanı 24 dəfə edirik, 24 ayın hərəsi üçün.







Sonra, hər ayın diskontlaşdırılmış ödənişini cəmləyirik bütün ödənişlərin bugünkü dəyərini tapmış oluruq.

505+501+496+492+488+484+480+476+468+465+461+457+453+449+442+438+435+431+428+424+
+421+417 = 11,030 AZN

Beləliklə, 24 ay boyunca ödəniləcək 509 manatlıq məbləğin bugünkü dəyəri 11,030 manatdır. Bu ödənişlər dayday üçün xərcdir, demək -11,030 manatı da bugünkü tarixə xərc kimi yazırıq (mənfi işarəsi ilə).



Sonra, iki nəfər işçinin maaşının bugünkü dəyərini tapmalıyıq. Hər işçiyə ayda 200 AZN olmaqla ümumilikdə işçilərə 400 AZN maaş veriləcək.

Bu aylıq məbləğin bugünkü dəyərini tapmaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusunun "üçüncü məsələ" başlığı altındakı hesablamadan istifadə etmək lazımdır: aylıq məbləği (400 AZN) aylıq faiz dərəcəsinə (0.83% və ya 0.0083 rəqəmi) bölmək lazımdır.


Məsələdə maaşın ildən ilə artması haqda heç nə deyilməyib. Əslində maaşlar ildən ilə artmalıdır amma məsələni sadə saxlamaq üçün maaşda artımı nəzərə almayacağıq.

Beləliklə, aylıq 400 AZN maaş xərcinin bugünkü dəyəri 48,000 AZN-dır. Bu rəqəmi də mənfi işarəsi ilə yazırıq.



İndiyə qədər yazdıqlarımız daydayın xərclərinin bugünkü dəyəridir. İndi isə gəlirlərin bugünkü dəyərini hesablamaq lazımdır.

Gəlirlərin bugünkü dəyərindən xərclərin bugünkü dəyərini çıxdıqdan sonra rəqəm müsbət alınacaqsa, demək biznesə pul qoymağa dəyər.

Beləliklə, birinci ayda 30 müştəri (maşın) olacaq. Hərəsi 6 manatdan yuduzdurulacaq. Deməli birinci ayın gəlir gözləntisi aşağıdakı kimidir:

30 x 6 = 180 AZN

Sonrakı gəlirlər isə hər ay yarım faiz (yəni 0.5% və ya 0.005 rəqəmi) artaraq gedəcəyi gözlənilir. Hər ay artan gəlirin bugünkü dəyərini tapmaq üçün Diskontlaşdırılmış Pul Axını mövzusunun "dördüncü məsələ" başlığı altındakı hesablamadan istifadə etmək lazımdır.

Gəlirlərin bugünkü dəyərini hesablayaq:


Beləliklə, 180 manatdan başlayan və hər ay 0.5% artan gəlirlərin bugünkü dəyəri 54,000 AZN-dır.
Bu rəqəmi müsbət işarəsi ilə yazırıq.


Buradan məlum olur ki, Xalis Bugünkü Dəyər (Net Present Value) mənfi 10,030 AZN-dır. Bu isə o deməkdir ki, bu məsələdəki şərtlərlə daydaya moykanı açmamağı məsləhət görürük. Ondansa 5,000 manatını aparıb bankdakı depozitə qoysa daha sərfəli olar.

---------------

SİZCƏ, MƏSƏLƏDƏKİ HANSI ŞƏRTLƏR DƏYİŞİLSƏ "MOYKA"NI AÇMAQ SƏRFƏLİ OLAR?




___________________________________________________________________

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.


Facebook: Iqtisadi bloq 

Feb 18, 2014

Qiymətli Kağızlar: Derivativ

İngilis dilinin maliyyə dünyasında mühüm yer tutduğunu nəzərə alaraq bir çox məfhumun ingilis dilinə olan tərcüməsini verməyin vacib olduğunu hesab edirəm. Beləliklə, ingiliscə qiymətli kağıza "security" deyilir. 

Qiymətli kağızların bir neçə təsnifatı mövcuddur: istiqrazlarsəhmlər və derivativlər. Bunlardan biri olan derivativlərin təsvirini aşağıda görə bilərsiniz.


DERİVATİVLƏR


Derivativ - iki tərəf arasında bağlanan sazişin bir növüdür. "Derivatiive" sözü ingilis dilindən tərcümədə "törəmə" deməkdir. Derivativ, dəyəri digər aktivin dəyərindən asılı olduğu üçün, ondan törədiyi üçün bu cür adlanır. Derivativin dəyəri hansı aktivdən törəyirsə, həmin aktivə bazis aktivi deyilir (ingilis dilində underlying asset). Ən çox rast gəlinən bazis aktivləri əmtəələr (taxıl, neft, qızıl, və s.), səhmlər, istiqrazlar, faiz dərəcələri və valyutalardır.


Derivativ tipli qiymətli kağızlara həmçinin təcili saziş deyilir (ingiliscə financial contract).

Derivativin ən geniş yayılmış növləri bunlardır:
- Fyuçer müqaviləsi (futures contract)
- Forvard müqaviləsi (forward contract)
- Opsion (option)
- Svap (swap)


Bunarın bəzilərinə ayrılıqda baxaq.

Fyuçer müqaviləsi (futures contract).

Fyuçer müqaviləsi, anlaşıldığı kimi, iki tərəf arasında bağlanan müqavilədir. Şərtlərdə gələcəkdə bir tarix və miqdar göstərilir. Müqavilənin şərtlərinə görə bir tərəf bazis aktivini (bazis aktivinin nə olduğuna yuxarıda bax) həmin gələcək tarixdə bugünkü qiymətlə satacağına söz verir. Digər tərəf isə o bazis aktivini həmin gələcək tarixdə bugünkü qiymətlə alacağına söz verir.

Gəlin bir misala baxaq:

Təsəvvür edin ki, BP şirkəti hal-hazırda neftin hər barelini 100 dollardan satır. Bu qiymət BP şirkətinə sərf eləyir. Amma BP şirkəti bir il ərzində neftin qiymətinin aşağı düşəcəyindən və, beləliklə, mənfəətinin azalacağından ehtiyatlanır.

Bir il sonra qiymətin düşməsindən irəli gələn itkinin qarşısını almaq üçün BP şirkəti fyuçer müqaviləsi bağlayır. İkinci tərəf kimi maliyyə bazarının hər hansı digər iştirakçısı çıxış edə bilər (digər neft şirkətləri, maliyyə şirkətləri, neftin ucuzlaşmasından pul qazanmaq istəyən adi insanlar (spekulyatorlar) və s.). Bu müqaviləyə əsasən BP şirkəti bir il sonra hər barelini bugünkü qiymətə, yəni 100 dollara satacaq.

Beləliklə, bir il sonra, barelin qiyməti 80 dollara düşsə ya da 120 dollara qalxsa, BP şirkəti öz neftini yenə də 100 dollara satacaq.

Başqa sözlə, BP şirkəti fyuçer müqaviləsini bağlamaqla həm mümkün itkinin qarşısını alır, həm də mümkün əlavə gəlirin. BP şirkəti fyuçer müqaviləsini yalnız ona görə bağlayır ki, yüz dollarlıq bareldən əldə edilən mənfəət onu artıq tam qane edir. Bu üsul "hecinq" (ingilis dilində "hedging") adlanır.

Hecinq (hedging) - riskin azaldılması və gələcəkdə stabil gəlirin təmin edilməsi məqsədilə qiymət dəyişməsindən yarana biləcək mümkün zərər və gəlirlərin qarşısının alınması.

Fyuçer müqaviləsinin də əsas funksiyası məhz hecinqdir.

Gəlin başqa bir misala baxaq:

Çörək sexinin sahibi Məmməd kişi hazırda taxılın bir tonunu 250 manata alır. Bu qiymət onu tam qane edir. Gələcəkdə taxılın qiymətinin azalmasından əldə edə biləcək gəlir ona cəlbedici görsənsə də, Məmməd kişi taxılın qiymətinin artmasından daha çox qorxur.

Məmməd kişi fikirləşir: "Bir il sonra taxılın qiyməti düşə də bilər, qalxa da bilər. Qiymət düşsə xərclərim azalacaq və pula qənaət edəcəyəm. Amma qiymətin artmasından zərər çəkmək istəmirəm. Riski sevmirəm, bir il sonra da taxılı indiki qiymətlə alım, bəsimdir."

Bunları fikirləşdikdən sonra Məmməd kişi qərar verir ki, fyuçer müqaviləsi bağlasın. Bunun üçün o broker şirkətinə müraciət edir və broker şirkəti ona müqavilə bağlamağa ikinci tərəfi tapır. Müqaviləyə əsasən Məmməd kişi bir il sonra taxılın bir tonunu 250 manata alacaq.

Bir il sonra, taxılın qiymətinin dəyişməsi Məmməd kişinin vecinə deyil. O öz taxılını 250 manata alır və bu qiymət onu tam qane edir.

Beləliklə, fyuçer müqaviləsindən şirkətlər özlərini riskdən qorumaq üçün istifadə edə bilərlər. Amma digər tərəfdən, heç nə istehsal etməyən, heç nə satmayan və heç bir fəaliyyət göstərməyən investorlar da fyuçer müqavilələrini bağlaya bilərlər. Bu cür investorlar məhz qiymətin dəyişməsindən pul qazanmağa çalışırlar. Taxıl fyuçeri müqaviləsini bağlayan bu cür investor taxılın özünü heç görmür, onun yalnız maliyyə haqq-hesabını görür. Bu cür investorlar spekulyator (ingiliscə speculator) adlanır.

Fyuçer bazarındakı iştirakçıların 95%-i məhz spekulyatorlardan ibarətdir. İqtisadiyyata onların yeganə faydası ondan ibarətdir ki, onların sayəsində Məmməd kişi kimiləri fyuçer müqaviləsini bağlamağa həmişə adam tapa bilirlər. Başqa sözlə desək, spekulyatorların olması fyuçer bazarına likvidlik (liquidity) qatır (yəni fyuçer müqaviləsi bağlamaq istəyən adam/şirkət özünə ikinci tərəfi tapmaqda çətinlik çəkmir).


Forvard müqaviləsi (forward contract).

Forvard müqaviləsi tam fyuçer müqaviləsi kimidir. Yeganə fərq isə bundan ibarətdir ki, fyuçer müqaviləsi bir qrup standart aktivlər üçün nəzərdə tutulub və standart şərtlər üzərində bağlanır. Forvard isə qeyri-standart məhsullar üçün və tərəfdaşların istədikləri şərtlərlə bağlanan müqavilədir.

Məsələn, taxıl üçün açıq bazarda brokerlər tərəfindən təklif edilən hazır fyuçer müqavilələri var. Amma iki tərəf öz arasında pomidor-xiyar alveri üçün heç bir brokerdən fyuçer müqaviləsini əldə edə bilməyəcək, çünki pomidor-xiyar üçün fyuçer müqaviləsi ümumiyyətlə yoxdur. Bunun səbəbi isə ondadır ki, dünyada taxıla olan tələbat pomidor-xiyara olan tələbatdan qat-qat çoxdur. Tələbat olmayan yerdə isə məhsul da olmur.


Opsion (option).

Opsion da fyuçer və forvarda bənzəyir. Amma yuxarıdakılardan fərqli olaraq opsion yalnız bir tərəf üçün öhdəlikdir. Opsionu əlində saxlayan tərəf həmin opsiondan yalnız sərfəli olduqda istifadə edə bilər. Opsionu əldə edənin xərci isə - opsion üçün vasitəçiyə (brokerə) ödənilən qiymətdir - mükafat (ingiliscə premium).

Opsionun iki növü var.

Alınma üçün opsion (call option) - Bu opsionu əldə etmiş adam şirkətdən onun səhmini opsionda göstərilmiş qiymətə ala bilər. Bu halda, şirkət öz səhmini həmin adama opsiondakı qiymətə satmağa məcburdur.
Misal: "A" şirkətinin bir səhmi 50 dollar dəyərindədir. "A" şirkəti öz işçilərinə bonus kimi alınma opsionlarını paylayır. Bu opsionlar bir il sonra şirkətin səhmini 50 dollara almağa imkan verir. Aradan bir il keçir və "A" şirkətinin hər səhmi artıq 80 dollar dəyərindədir. Şirkətin bir işçisi həmin opsiondan istifadə edərək şirkətdən həmin səhmləri 50 dollara alır. Aldıqdan dərhal sonra isə səhmləri açıq bazarda 80 dollara satır və bir günün içində hər səhmin üstündə əlavə 30 dollar qazanmış olur.

Satılma üçün opsion (put option) - Bu opsionu əldə etmiş adam şirkətə onun səhmini opsionda göstərilmiş qiymətə sata bilər. Bu halda, şirkət öz səhmini həmin adamdan opsiondakı qiymətə almağa məcburdur.
Misal: "A" şirkətinin bir səhmi 50 dollar dəyərindədir. "A" şirkəti öz işçilərinə bonus kimi satılma opsionlarını paylayır. Bu opsionlar bir il sonra şirkətin səhmini 50 dollara satmağa imkan verir. İndi isə təsəvvür edin ki, bir il sonra "A" şirkətinin səhminin dəyəri 10 dollara düşür. "A" şirkətinin işçisi açıq bazardan "A" şirkətinin səhmlərini 10 dollardan alır, sonra isə əlindəki satılma opsionundan istifadə edərək həmin səhmləri "A" şirkətinə 50 dollardan satır və bir günün içində hər səhmin üstündə 40 dollar qazanmış olur.

Opsionilar təkcə səhm deyil, digər bazis aktivləri üçün də istifadə olunur. Misalları qəlizləşdirməmək üçün yalnız səhmlərdən nümunə gətirmişəm.


Svap (swap) haqqında burada danışmaq istəmirəm. Svap digərlərinə nisbətən daha az yayılması ilə yanaşı, daha qəlizdir. Həm də svapı başa salmaqla çox dərinə getmiş olacağam. Mənim bu bloqda ümumi məlumatı mümkün qədər sadə dillə izah etməyə çalışdığıma görə isə derivativlər haqqında hələ ki, bu qədər.

___________________________________________________________________

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq 

Feb 8, 2014

Banka işə düzələndə bunları soruşurlar.

Özüm də bir vaxtlar iqtisadiyyatın idarəetmə ixtisası üzrə təhsil aldığıma görə güman edirəm ki, təcrübə (stajırovka) mövzusunda aranızda ən populyar yer kommersiya banklarıdır. Mən universitetdə oxuyarkən iki bankda təcrübədən keçmişəm və ilk rəsmi iş yerim də məhz bank olmuşdur.

Bu yazıda tələbənin bankda müsahibədən keçərkən nələri bilmək gərəkdiyi haqda danışılacaq.


Ümumi məlumat.

Bizim banklara tərcümeyi-halınızı (yəni CV-nizi) göndərəndə sizi ilk növbədə müştəri xidməti ("front office" dedikləri) üçün nəzərdə tuturlar. Kredit şöbəsinə düşən stajorların 90%-i ora "tapş"ın köməyi ilə düşür.

Sizi müsahibədən keçirən bank nümayəndəsinin sizə verə biləcəyi suallar aşağıdakılardır:

Özünüz haqqında danışın.

Sualı eşidən kimi "konkret nə danışım?" sualını verməyin. Ümumiyyətlə, mümkün qədər suala sualla cavab verMƏməyi çalışın. Bunları danışın: "Filan qədər yaşım var. Filan universitetin filan kursunda oxuyuram. (bura qədər az görünsə) Filan məktəbi bitirmişəm." Əgər əvvəllər haradasa işləmisiniz və ya təcrübə keçmisinizsə, həmin yer haqqında danışın (CV-də bu haqda artıq yazıldığına baxmayaraq).

Bizim bank haqqında nə bilirsiniz?

Müsahibəyə gəlməmişdən öncə mütləq bank haqqında çoxlu məlumat yığın. Bankın saytına girərək özünüz üçün aşağıdakı suallara cavab tapın:
- neçənci ildə yaranıb.
- aktivləri nə qədərdir (neçə milyon manat).
- əsasən hansı kredit növlərində ixtisaslaşıb: kiçik kreditlər yoxsa böyük korporativ kreditlər.
- hansı yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür (saytlarda bu haqda məlumat mütləq olur)
- səhmdarların arasında beynəlxalq təşkilatlar varsa, hansılardır (məsələn: bankın 25%-i EBRD-yə məxsusdur, 10%-i FMO-ya və s.)
- keçirdiyi son reklam kampaniyaları hansılardır.
- filial və bankomat şəbəkəsi təsminən hansı rayonları əhatə edir.
- və s.

Bu məsləhət əbləttə ki, yalnız bankda keçirilən müsahibə üçün deyil, istənilən şirkətdə keçirilən müsahibə üçün keçərlidir. Müsahibəyə getdiyiniz şirkət haqqında çoxlu məlumat toplayın.

Bank nədir? 

Bu haqda ətraflı olaraq "Banklar nəyə lazımdır?" yazısından öyrənə bilərsiniz. Qısaca isə bunu deməyiniz kifayətdir: Bank - maliyyə vasitəçisidir: pulu artıq olanlardan pulu müəyyən faizlə depozit şəklində qəbul edir, pula ehtiyacı olanlara isə həmin pulu daha artıq faizlə kredit şəklində verir. Aradakı faiz fərqini də özünə götürür. Bundan əlavə digər xidmətlər də göstərir: pul köçürmələri, hesab əməliyyatları və s.

Niyə biz məhz sizi götürməliyik? - və ya - Bu işin sizə uyğun bir iş olduğundan əminsinizmi?

"Məncə bu vəzifəyə tam yarayıram. Çünki sizə məsuliyyətli işçi lazımdır və mən hər gördüyüm işə məsuliyyətlə yanaşıram. Bundan əlavə, universitetdə sizə uyğun ixtisas üzrə təhsil alıram və işə başlamazdan öncə bank haqqında müəyyən biliklərim var. - öncədən iş təcrübəniz varsa - Müəyyən iş təcrübəm var. Və ümumiyyətlə bank sahəsində həmişə marağım olduğu üçün burada təcrübə almaq imkanına çox şövqlə yanaşıram." Özünüzdən də buna bənzər müsbət, təsiredici sözlər və şirnikləndirmələrdən əlavə edə bilərsiniz.

Kredit şöbəsinə düzələnlərin qarşılaşdığı sorğu-sual.

Sual: İki nəfər biznes krediti üçün müraciət edir. Birində fəaliyyət göstərən və pul gətirən ərzaq dükanı var, dükanın içində yeni şöbə açmaq üçün pula ehtiyacı var. İkincisinin isə hazırda biznesi yoxdur amma yeni ərzaq dükanı açmaq istədiyi üçün pula ehtiyacı var. Hansına kredit verərsən?
Cavab: Krediti birincisinə verərəm. Onun artıq pul gətirən dükanı var. Təzə işi alınmasa da krediti həmin pulla ödəyə bilər. İkincisində isə iş alınmasa kredit də batacaq.

Sual: Bir nəfər 50,000 AZN-lıq biznes krediti üçün müraciət edir. Girov kimi iki variant var: 70,000 AZN-lıq daşınmaz əmlak və ya onun öz şirkətindəki 120,000 AZN-lıq səhmlər. Hansı girovu seçərsən?
Cavab: 70,000 AZN-lıq daşınmaz əmlakı seçərəm. Dəyərdə nisbətən az da olsa, dəyəri daha sabitdir. Səhmlər daha tez ucuzlaşa bilər və səhmlərin qiyməti şirkətin vəziyyətindən çox asılıdır.

Sual: ROA və ROE nədir? Bir şirkətin ROA-sı ROE-sinə bərabər ola bilərmi?
Cavab: ROA - ingiliscə Return On Assets deməkdir və şirkətin il ərzində aktivlərinin üstündə qazandığı faiz deməkdir. ROE - ingiliscə Return on Equity deməkdir və şirkətin il ərzində məcmu kapitalının üstündə qazandığı faiz deməkdir. Şirkətin ROA və ROE-si o halda bərabər ola bilər ki, şirkətin heç bir öhdəliyi olmasın (bu haqda bloqda daha ətraflı yazılacaq; məqalə yazılan kimi dərhal xəbər almaq üçün ekranın sağında e-poçtla abunə ola və ya bloqun Facebook səhifəsini "like" edə bilərsiniz).

Sual: Cash flow (nağd vəsaitin hərəkəti) hesabatının dəqiqliyini başqa hansı hesabatla və necə yoxlamaq olar?
Cavab: Cash flow-nun dəqiqliyini balans hesabatı ilə yoxlamaq olar. İki dövrün balansındakı nağd vəsaitin fərqinə baxmaq lazımdır. Aradakı fərq nədirsə, son dövr üzrə cash flow-nun xalis rəqəmi (artım və ya azalma) də o qədər olmalıdır.

Özünüz nəsə əlavə etmək istəyirsinizmi?

Bəzi yerlərdə müsahibənin axırında bu cür sual verə bilərlər. Yəni sizi maraqlandıran hər hansı məsələyə dair sual verməniz üçün və ya özünüz haqda nəsə əlavə etməniz üçün sizə ayrıca imkan yarada bilərlər. Belə vəziyyətdə sual vermə xətrinə sual verməyin. Amma yenə də sual verməyi lazım bilsəniz strategiya, gələcək planlar haqqında soruşmaq məsləhətlidir.
Gələcək planlar haqqında məlumatı saytdan əldə edə bilməzdiniz, amma bu cür sual verməklə bank haqqında yaxşı araşdırma etdiyinizi və onun fəaliyyəti haqqında həqiqətən maraqlandığınızı göstərəcəksiniz. Eyni zamanda, bu cür suallar siz özünüzü müsahibədən keçən digər tələbələrdən dərhal fərqləndirəcəksiniz. İnanın ki, təcrübə üçün müsahibədən keçən tələbələrin arasında bu sualı sizdən başqa heç kim verməyəcək (aralarında bu bloq yazısını oxuyan olmayıbsa).
- Bank əsasən iri korporativ kreditlərdə ixtisaslaşırsa (məs: Xalq Bank, Ata Bank) bu cür sual vermək olar: "Bizdə bir çox bank iri korporativ kreditlərdən uzaqlaşaraq səylərini daha çox mikrokeditlərin üstündə cəmləşdirir. Məsələn, bildiklərimdən bunu ən son edən DəmirBankdır. Sizin bankın gələcək planlarında belə bir niyyət varmı?"
- Bankın bankomat/filial şəbəkəsi əsasən Bakı və Sumqayıtda yayılıb amma regionlarda bank çox zəif təmsil olunursa: "Bildiyimə görə (saytdan baxdığınıza görə) filiallarınız yalnız Bakıda və Sumnqayıtda yerləşir. Regionlarda rəqabət daha azdır. Gələcək zamanda regionlarda da fəaliyyət görməklə bağlı bir planlar varmı? Yoxsa hazırda Bank səylərini məhz Bakı və Sumqayıta yönləndirmək niyyətindədir?"

Bu bloqu oxuyan tək siz deyilsiniz. Sizin verməyə hazırlaşdığınız sualdan başqa heç kimin verməyəcəyindən əmin olmaq üçün bu misallardan istifadə etməyin və özünüzdən bir sual fikirləşin.

Müsahibənin sonunda isə buna bənzər "bəzədilmiş" sözlərdən deməyiniz məsləhətdir: "Sizin bankınızın xidmətlərindən istifadə etdiyim vaxt, həmçinin bura müsahibə üçün gəldiyim vaxt gördüklərimə əsasən sizin çox xoş iş mühitiniz və çox xoş təəssürat bağışlayan işçi heyətiniz var. Və mən çox ümid edirəm ki, sizin bankda (və sizinlə birgə) çalışmaq imkanını əldə edə biləcəyəm."

Əlavə olaraq.

Xarici görünüşünüzə fikir verin. Sizin məqsədiniz ciddi təəssürat yaratmaqdır.
Kişi xeylağısınızsa üzünüzü qırxın, səliqəli klassik şalvar və köynək geyin. Qalstuk taxmaya bilərsiniz amma qalstukun olması daha məsləhətlidir. 
Qadın xeylağısınızsa, təvazökar və müəyyən qədər klassik geyinməyə çalışın. Çox qısa ətək geyinməyin. Saçınız uzundursa, yığın. Çox hündür daban ayaqqabı geyməyin. Uzun boğaz sapoq isə əsla geyməyin.

Səlis dildə danışın. 

Özünüz haqqında danışarkən və sonra suallara cavab verərkən yerə, tavana baxmayın. Danışdığınız müddətin çoxunu müsahibə götürənin gözünə baxmağa çalışın. Sizə sual verərilərkən isə həmişə sual verənin gözünə baxın. Bu sadə jest müsahibə götürən insanda sizə qarşı şüuraltı etibar yaradır.

Hələlik bu qədər.


___________________________________________________________________

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Sep 18, 2013

Maliyyə Hesabatları: Bölüşdürülməmiş Mənfəət

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

Balans
- Bölüşdürülməmiş mənfəət


Bunların biri olan bölüşdürülməmiş mənfəət hesabatı haqqında daha ətraflı aşağıda.

Bölüşdürülməmiş mənfəət haqqında hesabat.

Bölüşdürülməmiş mənfəət hesabatına ingilis dilində "Statement of Retained Earnings" deyilir. Bu hesabat, digərlərinə nisbətən, çox qısadır və bir növ mənfəət-zərər hesabatının xülasəsidir.

Bölüşdürülməmiş mənfəət hesabatı müəyyən dövr ərzində məcmu kapitalda baş verən dəyişiklikləri göstərir. 

Məcmu Kapital - ingilis dilndə "Owner's Equity" adlanır və şirkətin sahibinə (səhmdarına) məxsus özəl kapitalı ifadə edir.

Məcmu Kapital iki hissədən ibarətdir:
 - Nizamnamə kapitalı (ingiliscə “Paid-in Capital”) – şirkət sahiblərinin biznesə başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir. Bu kapital nağd pul da ola bilər, fiziki əşya və ya bina da ola bilər.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi öz şirkətini qurduğu gün cibində 10,000 AZN nağd pulu və 30,000 AZN dəyərində avadanlığı var idi. Demək “A” şirkətini nizamnamə kapitalı 40,000 AZN təşkil edir. 
 - Bölüşdürülməmiş mənfəət (ingiliscə “Retained Earnings”) – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi şirkətin fəaliyyətindən hər ay əldə etdiyi vəsaitin yarısını cibinə qoyub özünün və ailəsinin ehtiyaclarına xərcləyirdi, qalan yarısını isə yenidən şirkətin dövriyyəsinə buraxırdı. Şirkət yaradılan gündən bu günə qədər onun dövriyyəsinə yenidən yatırılmış məbləğin cəmi 50,000 AZN-ə gəlib çatıb. Demək “A” şirkətinin bölüşdürülməmiş mənfəəti 50,000 AZN-dır.

Bölüşdürülməmiş mənfəətin balans hesabatında necə göründüyünü görmək üçün balans hesabatı mövzusuna baxa bilərsiniz.


"A" şirkətinin 1 yanvar 2012-ci il tarixinə olan bölüşdürülməmiş mənfəəti, tutaq ki, 150,000 AZN-dır. İl ərzində "A" şirkəti 35,000 AZN xalis mənfəət əldə edir. 

Eyni zamanda "A" şirkətinin sahibi Məmməd kişi il ərzində şirkətin xəzinəsindən 20,000 AZN götürüb özünün və ailəsinin ehtiyacları üçün xərcləyir. Məmməd kişi "A" şirkətinin sahibi (səhmdarı) olduğu üçün korporativ dildə həmin 20,000 manata dividend deyilir.

Məmməd kişi öz dividendini götürdükdən sonra yerdə qalan məbləğ 15,000 AZN təşkil edir ki, bu da "A" şirkətinin 2012-ci il üzrə bölüşdürülməmiş mənfəətidir. 

Bu məbləğ (15,000 AZN) əvvəlki məbləğin (150,000 AZN) üstünə gələrək 31 dekabr 2012-ci il tarixinə olan bölüşdürülməmiş mənfəəti 165,000 AZN-ə çevirir.

Bu rəqəmlər bölüşdürülməmiş mənfəət hesabatında aşağıdakı kimi görükür:











Vəssalam. 


___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Sep 10, 2013

Maliyyə Hesabatları: Nağd Vəsaitin Hərəkəti

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Nağd vəsaitin hərəkəti

Bunların biri olan nağd vəsait hesabatı haqqında daha ətraflı aşağıda:


Nağd vəsaitin hərəkəti haqqında hesabatı.

İngilis dilində "Cash Flow Statement" adlanır.

Bu hesabat müəyyən dövr ərzində şirkətin əlinə gələn və gedən nağd vəsaiti göstərir. Mənfəət-zərər hesabatından fərqi isə bundadır ki, mənfəət-zərər hesabatı nisyə satılmış malı artıq gəlir bölməsinə yazır, halbuki nağd vəsait hesabatı həmin məbləği yalnız həqiqi pul alınan zaman göstərir.

Bu misala baxın:
"A" şirkəti avqust ayında 3,000 manatlıq mali nisyə satır. Həmin ayın mənfəət-zərər hesabatında 3,000 manatlıq gəlir göstərilir. Həmin ayın nağd vəsait hesabatında isə heç nə göstərilmir.
Növbəti ay, yəni sentyabrda, "A" şirkəti avqustda nisyə satdığı malın tam ödənişini, yəni 3,000 manatı, alır. Bu ayın mənfəət-zərər hesabatında heç nə göstərilmir (çünki bu 3,000 manatlıq gəlir artıq avqust ayı üçün göstərilib). Nağd vəsait hesabatında isə bu ay üçün 3,000 manatlıq mədaxil göstərilir.


Nağd vəsaitin hərəkəti haqqında hesabat üç hissədən ibarətdir:

- Əməliyyat fəaliyyətindən yaranan nağd vəsait hərəkəti (Cash Flow From Operating Activities).

Şirkətinin bilavasitə fəaliyyətindən irəli gələn nağd vəsait axını buraya daxil edilir. Şirkətin fəaliyyəti dedikdə istehsal etdiyi və satdığı məhsula görə (və ya göstərilən xidmətlərə görə) alınan nağd pul, xammala xərclənən nağd pul və s. bura daxil edilir.

İşçilərə ödənilən maaş da buraya xərc kimi qeyd edilir.

Şirkətin uğurlu fəaliyyət göstərib-göstərməməsi məhz buradakı pul axınlarından bilinir.

- İnvestisiya fəaliyyətindən yaranan nağd vəsait hərəkəti (Cash Flow From Investing Activities).

İstehsal (və ya xidmət) üçün zəruri olan avadanlığın, alətlərin, nəqliyyatın, binanın və s. alınmasına və ya icarəyə götürülməsinə xərclənən nağd pul buraya daxil edir. Həmin aktivlər satıldığı zaman əldə edilən nağd pul da həmçinin buraya daxil edilir.

- Maliyyə fəaliyyətindən yaranan nağd vəsait hərəkəti (Cash Flow From Financing Activities).

Şirkətin maliyyələşməsi üçün alınan və xərclənən pullar buraya qeyd edilir. Yəni, şirkət sahibləri şirkətin dövriyyəsinə əlavə pul qoyduqda həmin pullar bu kateqoriyada göstərilir. Bankdan alınan kredit, ödənilən faizlər, ödənilən dividendlər və s. - bunların hamısı öz əksini burada tapır.


Gəlin bunların hamısını "A" şirkətinin misalında göstərək.

2012-ci ildə "A" şirkətinin əməliyyatlardakı nağd vəsaitinin hərəkəti aşağıdakı kimi olub:












Diqqət yetirin ki, "A" şirkəti 2011-ci ildə nisyə satdığı 20,000 manatlıq malın ödənişini yalnız 2012-ci ildə alıb. Buna görə də, həmin məbləği nağd vəsait hesabatında 2012-ci ilə aid edirik (mənfəət-zərər hesabatında isə 20,000 manatlıq gəlir mal satılan dövrə, yəni 2011-ci ilə aid edilir).

Həmçinin, "A" şirkəti 2011-ci ilin sonunda 10,000 manatlıq xammalı nisyə almışdır ki, bunun pulunu yalnız 2012-ci ilin əvvəlində ödəmişdir. Buna görə də həmin xammal xərci 2012-ci ilin xərclərinə daxil edilir.

Beləliklə, "A" şirkəti 2012-ci il üzrə əməliyyat fəaliyyətindən 75,000 AZN nağd vəsait əldə etmişdir. 

Bundan əlavə, "A" şirkəti 2012-ci ildə nağd pulla 11,000 manatlıq yeni istehsal avadanlığı və 3,000 manatlıq yeni ofis mebeli almışdır. Ofis ləvazimatlarına isə il boyunca 300 manat sərf edilmişdir.

İstehsal avadanlığı, mebel və ofis ləvazimatlarına xərclənən pullar investisiya fəaliyyəti təsnifatı altında yer alır. Bu rəqəmləri hesabata daxil edirik:
























Beləliklə, "A" şirkəti 2012-ci ildə investisiya fəaliyyətindən 14,300 AZN xərc çəkmişdir.

Şirkətin dövriyyəsini daha da artırmaq üçün "A" şirkətinin sahibi Məmməd kişi 2012-ci ildə şirkətin dövriyyəsinə əlavə 2,000 AZN pul yatırmışdır.

Bundan əlavə, Məmməd kişi "A" şirkətinin adından 2012-ci ilin yanvarında bankdan 10,000 AZN kredit götürmüşdür və növbəti 11 ay ərzində kreditin əsas məbləğindən 2,450 AZN geri ödəmişdir. Faiz xərcləri isə 1,750 AZN təşkil etmişdir.

Bu rəqəmlər şirkətin maliyyələşməsi ilə bağlı olduğu üçün maliyyə fəaliyyəti təsnifatı altında yer alır. Bu rəqəmlərin hamısını hesabata daxil edirik:
































Beləliklə, "A" şirkəti 2012-ci ildə maliyyə fəaliyyətindən 7,800 AZN nağd vəsait əldə etmişdir.


Bütün nağd axınlarını ayrılıqda hesabladıqdan sonra onları cəmləmək lazımdır:

75,000 - 14,300 + 7,800 = 68,500

Demək, "A" şirkətinin 2012-ci il üzrə xalis nağd hərəkəti müsbət rəqəmdir və 68,500 AZN-dır. 
Müsbət rəqəm dedikdə, "A" şirkətinin xərclədiyindən daha çox nağd qazandığını nəzərdə tuturam.

Nağd hərəkətlərinin cəmini hesabladıqdan sonra isə həmin nağd vəsaiti hesabat dövrünün əvvəlindəki (yəni 2012-ci ilin əvvəlindəki) nağd vəsaitin üstünə gəlmək lazımdır.

Tutaq ki, ilin əvvəlində "A" şirkətinin xəzinəsində (kassasında) 20,000 AZN var idi. Həmin məbləğin üstünə 68,500 AZN nağd gəldikdən sonra "A" şirkətinin kassasında 88,500 AZN olduğunu görürük. Bununla biz hesabat dövrünün (yəni 2012-ci ilin) sonunda "A" şirkətinin nə qədər nağd vəsaitə malik olduğunu öyrənmiş oluruq.

Nağd vəsait hesabatında bu hesablamalar aşağıdakı kimi görükür:



































Beləliklə, 2012-ci ilin sonunda "A" şirkətinin kassasında 88,500 AZN vardır. Şirkətin sahibi həmin nağd vəsaiti yenidən şirkətin dövriyyəsinə buraxa, borclarını ödəyə, və ya öz cibinə qoya bilər.

*Qeyd.
Bu misalda ilin sonunda "A" şirkətinin kassasında qalan nağd vəsait onun satış gəlirlərinin təxminən yarısı qədərdir. Adətən şirkətlərin kassasında bu qədər nağd vəsait qalmır. Adətən şirkət hər ay artıq qalan nağd vəsaiti ya yenidən dövriyyəyə buraxır, ya da öz səhmdarları arasında bölüşdürür. Şirkətin kassasında bu qədər çox nağd vəsaitin işsiz qalması da düzgün deyil, çünki dövriyyəyə buraxılmayan pul ucuzlaşdığı üçün xərcə çevrilir. Sadəcə olaraq bu yazıdakı misalın mümkün qədər sadə olması üçün hesablamalar sadələşdirilmişdir.


Əlavə olaraq bunu da qeyd etmək lazımdır ki, bir çox şirkətin fəaliyyəti 1 yanvar - 31 dekabr tarixlərində xüsusilə gərgin olduğu üçün (məsələn, yeni il endirim kampaniyaları keçirən şirkətlər) həmin şirkətlər öz nağd vəsait hesabatlarını başqa dövrlərlə ölçür. Bu şirkətlər özləri üçün xüsusi dövr seçir (məsələn, 25 yanvar 2012 - 24 yanvar 2013). Bu cür dövrlərə Azərbaycan dilində "hesabat ili", ingilis dilində isə "fiscal year" deyilir.


___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Sep 7, 2013

Maliyyə Hesabatları: Balans

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Balans

Bunların biri olan balans hesabatı haqqında daha ətraflı aşağıda:


Balans hesabatı.

Mənfəət-zərər və nağd vəsaitin hərəkəti hesabatları şirkətin müəyyən bir dövr ərzindəki (məsələn: 1 yanvar 2012 – 31 dekabr 2012) fəaliyyətindən xəbər verirsə, balans hesabatı əksinə, müəyyən bir məqamda (məsələn: 31 dekabr 2012) şirkətin nəyə sahib olduğunu göstərir. Şirkətin sahib olduğu varlıqlar dedikdə aktivlər, öhdəliklərməcmu kapital nəzərdə tutulur.

Aktiv - aktivə ingilis dilinə "Asset" kimi tərcümə edilir. İstifadə edilərək dəyər yarada bilən istənilən əşya aktiv ola bilər. Məsələn, bir şirkətin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofisə ləvazimatları, və s. həmin şirkətin aktivləri sayılır.

Öhdəlik - ingilis dilinə "Liability" kimi tərcümə edilir. Adından da bilindiyi kimi "öhdəliklər" şirkətin borclarını əks etdirir. Öhdəliklərin heç biri şirkətə məxsus deyil amma şirkət onlardan istifadə edərək mənfəət qazanmağa çalışır. 

Məcmu Kapital - ingilis dilndə "Owner's Equity" adlanır və şirkətin sahibinə (səhmdarına) məxsus özəl kapitalı ifadə edir. Bu haqda aşağıda daha ətraflı danışılacaq.


Gəlin kəllə qənd istehsalı ilə məşğul olan “A” şirkətinin nəyə sahib olduğuna baxaq.

- Nəğd vəsait (şirkətin xəzinəsində (kassasında))                                      2,500 AZN
- Hazır məhsul (istehsal olunmuş amma hələ satılmamış)                          7,500 AZN
- Nisyə satılan mallara bir ay ərzində alınacaq məbləğ                               3,000 AZN


- İstehsal avadanlığı (qənd bişirən, qablaşdıran, və s.)                             150,000 AZN
- İki mikroavtobus (malın dükanlara daşınması üçün)                                25,000 AZN
- Sexin yerləşdiyi bina (fərz edək ki, şirkətin öz əmlakıdır)                        75,000 AZN



Beləliklə, bu misaldakı "A" şirkətinin cəmi aktivlərinin dəyəri 263,000 AZN-dır.

Bunu da qeyd etmək lazımdır ki, aktivlər iki cür olur:

Qısamüddətli aktivlər – (ingiliscə “short-term assets” və ya “current assets”) bir ildən qısa müddət ərzində pula çevrilə bilən aktivlərə qısamüddətli aktivlər deyilir. Bunlara nağd vəsaitin özü, hazır məhsul, nisyə satılan mallardan alınacaq məbləğ və s. aid edilir.

Uzunmüddətli aktivlər – (ingiliscə “long-term assets”) bir ildən uzun müddət ərzində pula çevrilə bilən aktivlərə uzunmüddətli aktivlər deyilir. Bunlara istehsal avadanlığı, bina və s. aid edilir. Baxmayaraq ki, sadalanan aktivlər (avadanlıq, bina) bir çox hallarda bir ildən daha qısa müddətə satıla bilər, bunlar adətən uzunmüddətli aktivlərə aid edilir.

Hələ ki, yalnız aktivlər daxil edilmiş yarımçıq balans hesabatı aşağıdakı kimi görükür:


















Balans hesabatında bir tərəfdə aktivlər göstərilərkən, digər tərəfdə aktivlərin arxasında dayanan öhdəliklər və məcmu kapital göstərilməlidir. Yəni bu aktivlərin mənbəsini, bunların haradan gəldiyini göstərən ikinci tərəf olmalıdır.

Bu misaldakı “A” şirkətinin öhdəlikləri aşağıdakı kimidir: 

- Təchizatçılara borc (nisyə alınmış xammala görə)                                  10,000
- Bank krediti (5 illik kredit)                                                                   150,000

Öhdəliklər də həmçinin iki cür olur:

Qısamüddətli öhdəliklər – (ingiliscə “short-term liabilities” və ya “current liabilities”) bir ildən qısa müddət ərzində ödənilməli olan borclara deyilir. Bunlara nisyə alınan xammala görə təchizatçılara olan borcu aid etmək olar. Bu cür borclar adətən bir aydan gec olmayaraq ödənməlidir.

Uzunmüddətli öhdəliklər – (ingiliscə “long-term liabilities”) bir ildən artıq müddət ərzində ödənilməli olan borclara deyilir. Bu öhdəliklərə beş illik bank kreditini aid etmək olar.

Öhdəlikləri balans hesabatına əlavə etdikdə aşağıdakı yarımçıq balans hesabatı alınır:


















Gördüyünüz kimi sol tərəfdəki aktivlərin cəmi dəyəri 263,000 AZN-dır Sağ tərəfdə isə öhdəliklər 160,000 AZN təşkil edir. Aradakı fərq 103,000 manatdır ki, bu da məcmu kapitalda öz əksini tapacaq.

Məcmu Kapital – şirkətin sahibinə məxsus pullar, onun şəxsi vəsaiti, “Məcmu Kapital” adlanır. İngilis dilində buna “Owner’s Equity” deyilir.
Məcmu Kapital iki hissədən ibarətdir:
 - Nizamnamə kapitalı (ingiliscə “Paid-in Capital”) – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir. Bu kapital nağd pul da ola bilər, fiziki əşya və ya bina da ola bilər.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi öz şirkətini qurarkən cibində 10,000 AZN nağd pulu və qənd sexində 30,000 AZN dəyərində avadanlığı var idi. Demək “A” şirkətini nizamnamə kapitalı 40,000 AZN təşkil edir. 
 - Bölüşdürülməmiş mənfəət (ingiliscə “Retained Earnings”) – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi şirkətin fəaliyyətindən hər ay əldə etdiyi vəsaitin yarısını cibinə qoyub özünün və ailəsinin ehtiyaclarına xərcləyirdi, qalan yarısını isə yenidən şirkətin dövriyyəsinə buraxırdı. Şirkət yaradılan gündən onun mənfəətindən onun dövriyyəsinə yenidən yatırılmış məbləğin cəmi 63,000 AZN-ə gəlib çatıb. Demək “A” şirkətinin bölüşdürülməmiş mənfəəti 63,000 AZN-dır.

“A” şirkətinin Məcmu Kapitalını balans hesabatına daxil etdikdə, yekun balans hesabat aşağıdakı kimi görükür:




















Beləliklə, balans hesabatımız balans olundu, yəni hər iki tərəfindəki məbləğ bir-birinə bərabər oldu. Həqiqi həyatda balansın düzgün gəlməsi – mühasibatlığın düzgün aparıldığı mənasına gəlir. Mühasibat düzgün aparılmayıbsa balans hesabatı da düzgün gəlməz (yəni hər iki tərəfi bir-birinə bərabər olmaz).



___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq


Aug 30, 2013

Maliyyə Hesabatları: Mənfəət-Zərər

Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün - onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq. 

Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur. 

- Mənfəət və zərər

Bunların biri olan mənfəət-zərər hesabatı haqqında daha ətraflı aşağıda:


Mənfəət və zərər haqqında hesabat.

İngilis dilində "Income Statement" və ya "Profit and Loss Statement" adlanır.

Mənfəət və zərər haqqında hesabat, adından da bilindiyi kimi, şirkətin mənfəət və zərərləri haqqında xəbər verir. Bu hesabat müəyyən bir dövrü əhatə edir (məsələn, illik, yarımillik, kvartallıq (yəni 3 aylıq) və ya aylıq).

Gəlin kəllə qənd istehsal edən "A" şirkətinin 2012-ci il üçün mənfəət-zərər hesabatına düzəldək.

"A" şirkəti 2012-ci il ərzində 117,647 kiloqram kəllə qənd satmışdır. Hər kilosunun satış qiyməti təxminən 1.70 AZN olmuşdur. Demək, 2012-ci il ərzində "A" şirkətinin gəliri 117,647 kq x 1.70 = 200,000 AZN.

Bu rəqəmi mənfəət-zərər hesabatının birinci sətri kimi qeyd edək:


Kəllə qəndin istehsalı üçün istifadə edilən xammalın dəyəri 117,000 AZN təşkil etmişdir. Bundan əlavə işıq, qaz, işçilərin maaşı, və s. kimi administrativ xərclərə, tutaq ki, 25,000 AZN xərclənmişdir. Bunlar xərcdir, demək, bunları satış gəlirindən çıxmaq lazımdır və bu xərclər mənfəət-zərər hesabatında mənfi işarəsi ilə yazılmalıdır.

Satış gəlirindən bu xərcləri çıxdıqda yerdə qalan ümumi gəlir (və ya zərər) 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına əlavə edək:










Yerdə qalan məbləğə "Faiz, Amortizasiya və Vergidən Öncəki Mənfəət" deyilir, çünki bunların hamısı hələ çıxılmalıdır. Azərbaycan dilində bu maddə 5 sözlə yazılır və onun üçün heç bir qısaltmadan istifadə edilmir. İngilis dilində isə əksinə, bu maddə "EBITDA" kimi göstərilir (Earnings Before Interest, Tax, Depreciation and Amortization).

Bunların hər birinə ayrılıqda baxaq.

Faiz - Bankdan alınan kredit üçün ödənilən faizlər nəzərdə tutulur.

Vergi - Hamımızın bildiyi mənfəət vergisidir. Azərbaycanda şirkətlərin ödədiyi vergi 22%-dir. Vergi ən axırda qalan məbləğdən, bütün digər xərclər çıxıldıqdan sonra, tutulur. Yəni şirkət öz mənfəət-zərər hesabatında nə qədər çox xərc göstərə bilsə (qanuni yolla), bir o qədər az vergi ödəməli olacaq. Məhz buna görə vergilər idarəsi şirkətləri yoxladıqda - yoxlanılan amillərdən biri də xərclərin süni şəkildə çox yüksək göstərilib-göstərilməməsidir.

Amortizasiya - Vaxt keçdikcə bir aktivin qiymətdən düşməsinə amortizasiya deyilir. Daha doğrusu amortizasiya - qiymətdəki azalmanın hesabatlarda əks etdirilməsinə verilən addır. Amortizasiya haqqında daha ətraflı danışmağa ehtiyac var.

Tutaq ki, "A" şirkəti 10,000 manata bir avadanlıq alır və bu avadanlığa 5 illik həyat təyin edir. 10,000 manatlıq avadanlığın 5 ildən sonra tamamilə qiymətdən düşəcəyi gözlənilir, demək onun dəyəri 5 il arasında bölüşdürülməlidir. Başqa sözlə, avadanlığı alan "A" şirkəti növbəti 5 ilin hərəsi üçün 2,000 manatlıq amortizasiya xərci göstərir (yəni birinci il üçün ayrıca 10,000 manatlıq xərc göstərMir).

Amortizasiyanın hesablanmasının bir neçə yolu var. Misalda göstərilən amortizasiya - düz xətli amortizasiyadır (Straight Line Depreciation) və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğundur. Azərbaycanda Vergilər Nazirliyinin tələb etdiyi hesablama başqa cürdür - dəyər hər il bərabər hissə ilə deyil, müəyyən faizlə azaldılmalıdır. Buna görə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər və təşkilatlar mənfəət-zərər hesabatının iki fərqli variantını hazırlayırlar - biri daxili, biri isə xarici mühasibatlıq üçün.

İngilis dilindən həm "amortization" həm də "depreciation" sözü Azərbaycan dilinə bir cür, "amortizasiya" kimi tərcümə edilir. Aralarındakı fərq isə bundan ibarətdir: "depreciation" maddi aktivlər üçün istifadə olunur, "amortization" isə qeyri-maddi aktivlər üçün.

Bloqun dilini mümkün qədər sadə saxlamağa çalışdığım üçün amortizasiya mövzusunda bundan artıq danışmağa ehtiyac görmürəm.


"A" şirkətinin misalına qayıdaq. Tutaq ki, "A" şirkətinin 2012-ci il üçün amortizasiya xərcləri 15,000 AZN, banka ödədiyi faiz isə 5,000 AZN təşkil etmişdir. Bu xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğ 38,000 AZN təşkil edir.

Bu rəqəmləri mənfəət-zərər hesabatına daxil edək:



Vergini ən axıra saxlayırıq, çünki vergi - bütün digər xərclər çıxıldıqdan sonra tutulur. Yuxarıda artıq deyildiyi kimi, xərclər nə qədər çoxdursa, vergi bir o qədər az ödənilir.

Nəhayət, "A" şirkətinin mənfəət vergisi 38,000 manatın 22%-i, yəni 8,360 AZN təşkil edir.

Mənfəət-zərər hesabatına bu rəqəmi əlavə edək:








Beləliklə, "A" şirkətinin 2012-ci il üzrə xalis mənfəəti 29,640 AZN-dır. 


Mənfəət-zərər hesabatının aşağıdakı xüsusiyyətini nəzərə almaq lazımdır.

"A" şirkəti nisyə satdığı məhsulun gəlirini - məhsulu satdığı dəqiqə gəlir kimi qeyd edir. Yəni məhsulun faktiki ödənişini almayıbsa da, həmin məhsulun dəyəri artıq gəlir olaraq mənfəət-zərər hesabatında əks olunur.

Faktiki nağd vəsaitin hərəkətini öyrənmək üçün "nağd vəsaitin hərəkəti haqqında hesabata" baxmaq lazımdır. Nisyə satılan mala görə gözlənlən pulların nə qədər olduğunu öyrənmək üçün isə "balans" adlı hesabata baxmaq lazımdır. Çox qısa bir zamanda qalan maliyyə hesabatları haqqında məlumat paylaşılacaq.


Bundan əlavə, bir çox şirkətin fəaliyyəti 1 yanvar - 31 dekabr tarixlərində xüsusilə gərgin olduğu üçün (məsələn, yeni il endirim kampaniyaları keçirən şirkətlər) həmin şirkətlər öz mənfəət-zərər hesabatlarını başqa dövrlərlə ölçür. Bu şirkətlər özləri üçün xüsusi dövr seçir (məsələn, 25 yanvar 2012 - 24 yanvar 2013). Bu cür dövrlərə Azərbaycan dilində "hesabat ili", ingilis dilində isə "fiscal year" deyilir.



___________________________________________________________________

Bu yazı 4 hissəli "Maliyyə Hesabatları" adlı bloq paylaşımlarının bir hissəsidir.

Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı "e-poçtla abunə ol" bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini "like" edib yeni paylaşımlardan bildiriş almağı seçin.

Facebook: Iqtisadi bloq